İbtidai sinif müəlliməsi peşə bayramı münasibəti ilə valideynlərin ona gətirdiyi hədiyyəyə görə qəzəblənib.
Yenicag.az Rusiya mediasına istinadən xəbər ki, Krasnodar məktəblərindən birində ibtidai sinif müəlliməsi dərs dediyi birincilərin valideynlərinin ona gətirdiyi ucuz hədiyyə üzündən qalmaqal yaradıb.
Məlumata görə, “pedaqoq” 5 oktyabr Müəllim günü münasibəti ilə valideynlərin ona gətirdiyi gül dəstəsini və içində onun fikrincə, “az məbləğ”də pul olan zərfi qəbul etməyib.
Bu barədə yerli mediaya həmin sinfin Valideyn Komitəsinin rəhbəri məlumat verib.
Onun sözlərinə görə, müəllimə valideynlərin topladığı pulu saydıqdan sonra hirsindən ağlayıb.
Müəllimənin onu sakitləşdirməyə çalışan valideynlərə cavabı da çox orijinal olub: “Bu sinfin tək müəllimiyəm. Həmin məbləği yalnız bir valideyn versəydi, bəs edərdi”.
Valideyn Komitəsinin sədri həmin müəllimənin məktəb direktoru və digər müəllimlər üçün müəyyənləşdirdiyi məbləği də açıqlayıb:
“Musiqi və idman müəllimlərinin hərəsinə 2 min rubl, direktor və zavuçun da hər birinə 2 min. Özünə nə qədər istədiyi isə məlum deyil”.
Müəllimə üçün topladıqları pulun məbləğini açıqlamayan valideyn bu məsələlərdən bezdiyini və Komitə sədrliyindən çıxacağını deyib.
Söhbətə qarışan başqa valideynlər isə müəllimlərin öz bayram günləri üçün konkret məbləğ müəyyənləşdirdiklərini bildiriblər: “Lap ağını çıxarıblar”.
www.yenicag.az