Dinozavrlar valideyn kimi: Alimlərdən analıq instinkti ilə bağlı ŞOK KƏŞF

media-hightechnic-468x90

Təsəvvür edin ki, qızılı retrieverdən (it cinsi) böyük olmayan körpə Braxiozavr asan yem axtarışında olan yırtıcılardan qaçmağa çalışaraq bacı-qardaşları ilə birlikdə bitki axtarır. Çox uzaqlarda, hündürlükləri 40 futdan (təxminən 12 metr) çox olan valideynləri balacaların gündəlik sağ qalma mübarizəsinə birbaşa müdaxilə etmədən öz həyatlarına davam edirlər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, dinozavrların öz ekosistemləri daxilində necə fəaliyyət göstərdiyini və bu sistemlərin müasir dünyadan necə fərqləndiyini öyrənməyə illərini sərf edən Merilend Universitetinin Geologiya Departamentinin baş müəllimi Tomas R. Holts “Italian Journal of Geosciences” jurnalında dərc olunan tədqiqatında iddia edib ki, alimlər dinozavrları müasir məməlilərlə müqayisə edərkən mühüm bir amili nəzərdən qaçırmış ola bilərlər.

“Bir çox insan dinozavrları Mezozoy erasının məməli ekvivalentləri kimi düşünür, çünki hər ikisi öz dövrlərinin dominant quru heyvanlarıdır. Lakin alimlərin onların dünyalarının nə qədər fərqli olduğuna baxarkən, həqiqətən, nəzərə almadıqları kritik bir fərq var: çoxalma və valideynlik strategiyaları. Heyvanların öz balalarını necə böyütməsi ətraflarındakı ekosistemə təsir göstərir və bu fərq alimlərə ekoloji müxtəlifliyi necə qavradığımızı yenidən qiymətləndirməyə kömək edə bilər”, – Holts deyib.

Məməlilərin çoxu balalarına uzunmüddətli qulluq göstərir. Təzə doğulanlar, demək olar, yetkin ölçüyə çatana qədər analarının yanında qalırlar. Yetkinlər qida və müdafiəni təmin etdikləri üçün gənc məməlilər valideynləri ilə eyni pəhrizi və yaşayış mühitini paylaşmağa meyillidirlər.

“Demək olar ki, məməlilərin “helikopter valideyn”ləri və əslində, “helikopter ana”ları var. Ana pələng hələ də özü boyda olan balaları üçün ov edir. Doğulanda artıqən böyük heyvanlar arasında olan gənc fillər illərlə analarını izləməyə və onlara güvənməyə davam edirlər. İnsanlar da bu baxımdan eynidir: biz körpələrimiz yetkin olana qədər onlara qulluq edirik”, – alim izah edib.

Dinozavrlar isə fərqli bir nümunə izləyirmişlər. Bəzi növlərin yuvaları qorumasına və ya yeni çıxmış balaları qısa müddət müdafiə etməsinə baxmayaraq, gənc dinozavrlar nisbətən tez müstəqil olurdular. Bir neçə ay və ya təxminən bir il ərzində gənclər yetkinlərdən ayrılır və öz yaşıdları ilə qruplar yaradırdılar.

Holts qeyd edib ki, müasir timsahlar faydalı müqayisə imkanı yaradır. Timsahlar yuvaları və yeni çıxmış balaları qısa müddət ərzində müdafiə edirlər, lakin gənclər tezliklə dağılışır və tam ölçüyə çatmaq üçün illər sərf edərək təkbaşına yaşayırlar.

“Dinozavrlar daha çox evdə tək qalan uşaqlara bənzəyirdilər. Fosil sübutları baxımından biz yaxınlıqda heç bir yetkin izi olmayan, hamısı birlikdə qorunub saxlanılmış gənc skelet qrupları tapmışıq. Bu gənclər öz qidalarını tapan və özlərini müdafiə edən oxşar yaşlı fərdlərdən ibarət qruplarda birlikdə hərəkət etməyə meylli idilər”, – Holts deyib.

Dinozavrlar yumurta qoyur və tez-tez bir dəfəyə xeyli sayda bala çıxarırdılar. Bir çox nəsil birlikdə yumurtadan çıxdığı və çoxalma məməlilərə nisbətən daha tez-tez baş verdiyi üçün bu strategiya uzunmüddətli valideyn investisiyası tələb etmədən ən azı bəzilərinin sağ qalma ehtimalını artırırdı.

“Buradakı əsas məqam odur ki, valideyn və nəsil arasındakı bu erkən ayrılıq və bu canlılar arasındakı ölçü fərqləri, ehtimal ki, dərin ekoloji nəticələrə səbəb olub. Müxtəlif həyat mərhələləri ərzində dinozavrın nə yediyi, hansı növlərin ona təhlükə yarada biləcəyi və harada effektiv hərəkət edə biləcəyi də dəyişir. Yetkinlər və nəsillər texniki cəhətdən eyni bioloji növ olsalar da, onlar fundamental olaraq fərqli ekoloji nişləri tutur. Beləliklə, onlar fərqli “funksional növ” hesab edilə bilərlər”, –  o bildirib.

Nümunə üçün Braxiozavrı götürək. Təxminən qoyun ölçüsündə olan bir gənc yetkin bir fərd kimi yerdən 10 metr hündürlükdəki yarpaqlara çata bilməzdi. O daha alçaq bitkilərlə qidalanar, fərqli məkanlarda yaşayar və tam böyümüş bir nəhəngə hücum etmək riskinə girməyəcək yırtıcılarla üzləşərdi. Heyvan it ölçüsündən at ölçüsünə, sonra zürafə ölçüsünə və nəhayət nəhəng ölçülərə qədər böyüdükcə ekosistemdəki yeri hər mərhələdə dəyişirdi.

“Burada maraqlı olan odur ki, bu, alimlərin həmin dünyadakı ekoloji müxtəlifliyə baxışını tamamilə dəyişir. Alimlər hesab edirlər ki, bu gün məməlilər daha müxtəlif icmalarda yaşayırlar, çünki birlikdə yaşayan daha çox növümüz var. Lakin gənc dinozavrları valideynlərindən ayrı funksional növlər kimi saysaq və rəqəmləri yenidən hesablasaq, bu dinozavr fosil icmalarındakı funksional növlərin ümumi sayı orta hesabla məməli icmalarında gördüyümüzdən, əslində, daha çoxdur”, – Holts deyib.

Holts vurğulayıb ki, bu mütləq dinozavr ekosistemlərinin müasir məməli dominantlıqlı ekosistemlərdən qəti şəkildə daha müxtəlif olması demək deyil. Əvəzində, keçmişdəki müxtəliflik alimlərin güman etdiyindən fərqli strukturlaşmış ola bilər. O, dinozavrların həyat mərhələləri arasındakı dəyişikliklərin qədim ekosistemləri necə formalaşdırdığını və bu sistemlərin son nəticədə müasir dünyaya necə keçid etdiyini araşdırmağa davam etməyi planlaşdırır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05