Muğamatın Vahidi: “Onun kimi xanəndələr 50 ildən bir yetişir” - FOTO
Düz deyirlər ki, səsin də rəngi var. Onun səsi elə bir səsdir ki, milyonlarla səsin içərisindən seçmək mümkündür. İlk zəngulədən, ilk boğazdan, ilk xırdalıqdan bilirsən ki, oxuyan kimdir.
Söhbət pedaqoq kimi böyük sənətkarlar nəsli yetişdirən ustad xanəndə, muğam sənətinin inkişafında danılmaz xidmətləri olan mərhum sənətkar Vahid Abdullayevdən gedir. Bu gün onun doğum günüdür.

Ağdam rayonunun Zəngişalı kəndində dünyaya göz açıb, Qarabağlı balasıydı. O yerlərin saf suyundan içib, tərtəmiz havasından udmuşdu. Qarabağ təbiətinin əsrarəngizliyi elə uşaq ikən də səsinə hopmuşdu.
Ecazkar səsi, şaqraq zənguləsi, özünəməxsus qeyri-adi ifa tərzi ilə dinləyiciləri məftun edən məşhur muğam ustadının ifasında bir çox muğamlar – Azərbaycan musiqi xəzinəsinə daxil olmuş “Bayatı-Şiraz”, “Zabul-Segah” muğam-dəstgahları, ”Qarabağ şikəstəsi” zərbi muğamı bənzərsiz ifaçılıq xüsusiyyətləri ilə tamaşaçı sevgisi qazanıb.
Muğam, təsnif və xalq mahnıları Vahid Abdullayevin ifasında zərifliyi, təravəti və rəngarəngliyi ilə seçilib. Məhz bu səbəbdəndir ki, sənətkarın bənzərsiz ifaçılığı musiqi mədəniyyəti tarixində unudulmaz iz qoyub.
Mərhum sənətkarı qardaşı xanəndə Sabir Abdullayevlə birgə yad etdik. Yenicag.az-a açıqlama verən S.Abdullayev Vahid Abdullayevın Azərbaycan musiqi tarixində misilsiz xidmətlərini sadalayıb:
“Bir sənətkarın yetişməsi üçün 40-50 il vaxt lazımdır. Hətta bu vaxt belə azlıq edir. Belə sənətkarlardan biri də Vahid Abdullayevdir. Onun yaradıcılığının şah əsərləri sayılan Bayatı-Şiraz, Zabul-Segah, təsniflər, xalq mahnıları bu gün də radiomuzun Qızıl Fondunda saxlanılır. O, Azərbaycan musiqisində sözünü deyən ustad sənətkarlar – Xalq artistləri Qəndab Quliyeva, Mənsum İbrahimov, Əməkdar artistlər Rəhilə Bəndəliyeva, Zeynəb Behbudova, Sücaət Kərimov kimi sənətkarlar yetişdirib. Təəssüflər olsun ki, 52 yaşında dünyasını dəyişdi, bu da taleyin işidir. Arzularının sayı-hesabı yox idi. Vahid Abdullayev barədə danışmaq mənim üçün həm asandır, həm də çətindir. Asandır ona görə ki, onu yaxından tanıyıram, çətindir ona görə ki, vaxtsız dünyadan köçən qardaşım barədə danışıram”.
Bəli, nə qədər ki, muğamatımız, musiqimiz yaşayır, Vahid Abdullayevın də adı hər zaman yaşayacaq.
Cəvahir













