Hər bir ölkənin iqtisadi, siyasi sabitliyində orta təbəqənin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Orta təbəqənin say və çəkisinin yüksək olduğu ölkələr daha stabil hesab olunur. Bu mənada Azərbaycanda da orta təbəqənin mövqeyinin stabil olması vacibdir. Amma Azərbaycanda təəssüf ki, hələ də orta təbəqə demək olar ki, formalaşmayıb.
Görəsən, ölkəmizdə orta təbəqənin formalaşmasına əngəl olan amillər hansılardır?
Müstəqil iqtisadçı-ekspert Natiq Cəfərli Yeniçağ.Az-a açıqlamasında bildirdi ki, ölkəmizdə orta sinfin formalaşmasına mane olan başlıca amil iqtisadiyyatın və gəlirlərin şəffaf olmamasından qaynaqlanır:
“Orta təbəqənin formalaşması birbaşa olaraq, ölkə iqtisadiyyatının şəffaflığı ilə əlaqədardır. Azərbaycanda bu şəffaflıq müşahidə edilmədiyindəndir ki, orta təbəqə də yox səviyyəsindədir. Avropa və Amerika ölkələrində həm büdcənin formalaşmasının, həm də əhalinin tərkibinin 60-65 faizini məhz orta təbəqədən olan insanlar və onların ödədikləri vergilər təşkil edir. Bu ölkələrdə dövlətin əsas siyasəti məhz orta sinif üzərində qurulur. Azərbaycanda orta təbəqənin formalaşmasında maneə olan iki problem var. Bunlardan birincisi, gəlirlərin şəffaf olmamasından ibarətdir. Bu, qeyri-şəffaflıq klassik anlamda orta sinifin formalaşmasında maneə oldu. İlk baxışda rəsmi gəliri az olan şəxsin orta sinif kateqoriyasına məxsus həyat tərzi sürdüyünü görürük. Orta və kiçik məmurların əksəriyyəti yalnız maaşla dolanmadığından, rəsmi əmək haqqına görə orta sinifə aid olmasalar da, həyat tərzlərinə görə onları orta təbəqəyə aid etmək mümkündür. Belədə rəsmi şəkildə orta sinifin ölkəmizdə formalaşması xeyli dərəcədə problemli olub. Bu da kölgə iqtisadiyyatının daha çox olması və rəsmi maaşların real gəlirlərdən az göstərilməsindən qaynaqlanır.
Sahibkarların vergi və gömrüklə bağlı çoxsaylı problemləri var. Yəni gömrük və vergi orqanlarının işinin normal şəkildə qurulmaması orta sahibkarlıq sinifinin formalaşmasında başlıca əngəllərdəndir. Bu iki amil ölkəmizdə orta sinifin rəsmi sayı və rolunun müəyyənləşməsində ciddi maneəçilik törədir. Onun qarşısını almaq üçün iqtisadiyyat, gəlirlər şəffaflaşmalıdır. Gəlirlərin şəffaf olduğu cəmiyyətdə orta sinifin ölçü indikatorlarını daha tez tapmaq olar. ABŞ-da 80-200 min dollara, Fransada 40-150 min avroya sahib olanlar orta sinif sayılır. Azərbaycanda da bu indikatorları işləyib hazırlamaq lazımdır. İqtisadiyyat, idarəetmə şəffaflaşdıqca kimlərin orta sinifə aid olduğunu daha aydın görə bilərik”.
ELÇİN
Yeniçağ.Az
www.yenicag.az