“NATO-ya yeni baş katibin təyin olunmasının NATO-Azərbaycan münasibətlərinə köklü təsir edəcəyini düşünmürəm, çünki NATO-Azərbaycan münasibətləri şəxslərə bağlı deyil.”
Bunu Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim eunews.az-a müsahibəsində bildirib.
O, “NATO-nun yeni baş katibinin yenilikləri NATO-Azərbaycan münasibətlərinə necə təsir edə bilər” sualına cavabında deyib: “Bu, ümumiyyətlə, dərin, praktiki əməkdaşlığa və maraqlara arxalanan münasibətdir, əsası ötən əsrin 90-cı illərin əvvəllərində qoyulub. Bildiyiniz kimi, 1994-cü ildən Azərbaycan “Sülh naminə əməkdaşlıq” proqramına qoşulub. Ondan sonra bir sıra digər əməkdaşlıq proqramları daqəbul olunub. “Planlaşdırma və analiz prosesi”, Fərdi Tərəfdaşlıq və Əməliyyat Planı və s. bu tipli proqramlar çərçivəsində Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Bunun da əsası odur ki, NATO Azərbaycanla əməkdaşlıqda maraqlıdır, çünki Azərbaycan strateji regionda yerləşir və faktiki töhfə verəcək dövlətdir. Belə ki, Azərbaycanın əzmi var, bundan irəli gələrək, Azərbaycan Avropa dövlətləri və Avroatlantik qurumlarla, münasibətlərini dərinləşdirmək, genişləndirmək və təbii ki, milli maraqlarına söykənərək inkişaf elətdirmək fikrindədir. Bu səbəbdən, hər hansı şəxsin dəyişməsi bu münasibətlərə köklü dəyişikliklər gətirə bilməz.
Onun sözlərinə görə, yeni fəaliyyət planı ilə bağlı iş gedir və müzakirələr aparılır. Azərbaycan ictimaiyyətində fəaliyyət planı ilə bağlı yanlış fikir formalaşıb, insanlar düşünürlər ki, hər bir növbəti etapa keçəndə, hansısa yeniliklər olmalıdır: “Bu, belə deyil. Plan fazalardan ibarətdir. Fəaliyyət proqramlarının bəzilərinin müddəti 20-30 ildir və ola bilsin ki hətta 6-cı, 7-ci hətta 10-ci FTƏP-də də bu proqramlar öz aktuallığını itirməyəcək. Digər proqramlar isə daha qısa müddətlidirlər, onlar dəyişə bilər. Məsələ tək nizami ordu ilə bağlı deyil, sərhəd qonşuları, fövqəladə hallar və daxili qoşunlara da aid proqramlar var. Onları ölkəmizin maraqlarına uyğun olaraq, NATO ilə qarşılıqlı əlaqələndiririk. Bu da bizə ən yaxşı standartlara yiyələnməyə imkan verir. Ona görə də bu etapda, reallaşdırılan plan, FTƏP-in ilkin fazada başlanılan tətbiqinin davamıdır. Burdan hansısa əlavə bir yenilik gözləmək lazım deyil.”
X.İbrahim vurğulayıb ki, beynəlxalq mühit və Azərbaycanın prioritetləri dəyişə bilər. Azərbaycanın prioritetləri bu dövrdə dəyişməyib. Dəyişmiş olsaydı, təbii ki bu, öz əksini yeni sənəddə tapardı. Bu səbəbdən, Azərbaycanın NATO ilə tərəfdaşlığı davamlıdır. Düşünürəm ki, Azərbaycanın digər tərəfdaş ölkələr ilə müqayisədə ən davamlı tərəfdaşlardan biridir. (anspress.com)
www.yenicag.az