NATO Parlament Assambleyasının (PA) Tiflisdə keçirilən Elm və Texnologiya komitəsinin iclası keçirilib.
Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, iclasda Orta Şərqdə müharibələrin ekoloji tarazlığa vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.
Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. M. İbrahimqızı Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib: “Bu gün toplaşdığımız Tiflis şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır və təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənistan bu bölgələrdə mədəniyyət abidələri və təbii sərvətləri talayıb, ekoloji sistemə ciddi ziyan vurub. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Bu AES Cənubi Qafqaz ölkələri üçün təhlükədir. Metsamor AES Sovetlər dönəmindən qalmış köhnə infrastrukturdan ibarətdir”.
M. İbrahimqızı Dağlıq Qarabağ ərazilərində yetişdirilən narkotiklərin Avropaya daşındığını da qeyd edib.
NATO PA Elm və Texnologiya komitəsinin iclasında çıxış edən məruzəçi bu məsələnin bu gün beynəlxalq aləm üçün doğrudan da aktual və vacib olduğunu vurğulayıb və təkrar çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin faktlara əsasən söylədiyi fikirləri bəyəndiyini bildirib. Eyni zamanda bu faktların ciddi narahatlıq yaratdığını qeyd edib. Komitə iclasında bildirilib ki, bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırmalar aparılmalıdır.
İclasdan sonra M.İbrahimqızı jurnalistlərə açıqlamasında bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib: “Artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki Böyük Cocuq Mərcanlı kəndi yaxınlığında meşələri yandırıblar və yanğın bu gün də davam edir”.
Yenicag.Az
www.yenicag.az