Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxsləri – Hidrometeorologiya departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və Departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.
Qeyd edək ki, adı çəkilən şəxslərdən yalnız İlqar Hacıyev həbsdə idi. O, məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.
İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.
Nazirliyə dəymiş 451 min manat ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilib.
www.yenicag.az