!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsib Nəsibli: “Demokratik dəyişikliklər belə son nəticədə İranın dağılmasına gətirib çıxaracaq” – MÜSAHİBƏ

!Reklam – Yazi

“Güney Azərbaycan əhalisinin şüurlu hissəsi Pəhləvilər dövründə Azərbaycanın nə qədər böyük zərbələrə, təhqirlərə məruz qaldığının fərqindədir”.

Yenicag.az Azərbaycanın Tehrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli ilə blits-müsahibəni təqdim edir.

– İranda davam edən kütləvi etirazlar fonunda devrilmiş şahın oğlu Rza Pəhləvinin ön plana çıxarılması ilk baxışda Qərbin bu ölkəyə yönəlik növbəti planının dövriyyəyə buraxılması anlamına gəlir…

– Son vaxtlarda Rza Pəhləvinin bu qədər diqqət mərkəzinə gətirilməsini Qərbin layihəsi adlandırmaq bəlkə də məsələni bəsitləşdirmək olardı. Çünki Qərb özlüyündə yetərincə geniş bir anlayışdır. Hətta Amerika desək belə, bu da çox ümumiləşdirilmiş bir yanaşmadır. Doğrudur, müəyyən dairələr İranın devrilmiş şahının ailəsi ilə həmişə əlaqə saxlayıb, onunla əməkdaşlıq edib. Rza Pəhləvi məhz o dairələrin fəaliyyətinin nəticəsində Münxen konfransına gətirilib. Digər tərəfdən, monarxiyanın bərpası ABŞ-nin İran siyasətində hər zaman ehtiyat variant qismində yer alıb.

– “Ehtiyat variant” olaraq qeyd etdiyiniz monarxiyanın bərpası planı ABŞ-nin İran siyasətində əsas varianta çevrilə bilərmi?

– Əslində, bu plan həmişə dövriyyədə olub. Ancaq İranda monarxiyanın bərpası nə qədər realdır, bu, mübahisəli məsələdir. Bu barədə indidən qəti fikir söyləmək çətindir. Hər halda, İranda növbəti böhran zamanı bu variant yenə də gündəmdə ola bilər. Çünki İran cəmiyyətində monarxiyanın bərpa olunmasını istəyən kəsimlər mövcudddur. O kəsimlər indiki teokratik rejimlə müqayisədə üstünlüyü şah dövrünə verirlər. Çox maraqlı məsələlərdən biri də budur ki, İrandakı çoxsaylı xalqları bir arada saxlaya biləcək ortaq bir dəyərin olması istənilir. Yəni bu aspektdə İslam və şiəlik idarəetmə forması olaraq öz cəlbediciliyini çoxdan itirib. Bu fonda şahənşahlıq üsul-idarəsi cəmiyyətin bəlli kəsimi üçün öz cazibəsini saxlayır. O baxımdan, bu kəsimi yox saymaq doğru deyil. Sadalanan və sadalanmayan məqamları nəzərə aldıqda, Rza Pəhləvinin Münxenə gətirilməsi təəccüb doğurmamalıdır. İranda monarxiyanın bərpasının bizim maraqlara uyğun olub-olmaması isə artıq başqa mövzudur. Bu kontekstdə Pəhləvi xanədanının Azərbaycana və türklüyə vurduğu zərbə haqqında danışmırıq.

– Yeri gəlmişkən, Rza Pəhləvi Münxendə belə bir açıqlama verdi ki, İranda hər kəs Güney Azərbaycan əhalisinə hörmətlə yanaşmalıdır…

– Nə olsun ki? Onun babasının və atasının vaxtında da deyirdilər ki, Azərbaycan İranın başıdır. Amma o başın danışmağa dili yox idi. Onların anlayışındakı Azərbaycan İranın bütövlüyünü, sərhədlərini qoruyacaq bir amildir, çox vacib elementdir. Ona görə də Pəhləvinin “hər kəs Güney Azərbaycan əhalisinə hörmətlə yanaşmalıdır” sözləri heç nəyi ifadə etmir.

– Təbii ki, bizim üçün ən mühüm məsələ Güney Azərbaycanın dediyiniz variantlara yanaşması və proseslərin mümkün inkişafına hazırlığıdır. Bu barədə nə demək olar?

– Güney Azərbaycan əhalisinin şüurlu hissəsi Pəhləvilər dövründə Azərbaycanın nə qədər böyük zərbələrə, təhqirlərə məruz qaldığının fərqindədir. Bununla belə, Güney Azərbaycanda sayları az olsa belə, monarxisttlər də var. Məncə, vurğuladığım səbəblərə görə Güney Azərbaycan əhalisinin mütləq hissəsi monarxiyanın bərpasını qəti şəkildə rədd edir. Hətta milli fəallar Pəhləvilərə dərin nifrətlə yanaşırlar. Amma İranın Güney Azərbaycandan başqa bölgələrinin olduğunu, orada türklərdən savayı, farsların və digər xalqların yaşadığını, Pəhləvi xanədanını modernizm simvolu kimi görən kəsimlərin mövcudluğunu da nəzərə almaq lazımdır.

– Belə bir mürəkkəb şəraitdə İrandakı əsas xalqların milli maraqlarını uzlaşdırmaq mümkündürmü?

– Bu, həqiqətən də, problemli və İranın gələcəyi baxımından problemli görünən bir məsələdir. Yəni İrandakı xalqları bir arada saxlayan dəyər nə ola bilər? Əgər İranın gələcəyini demokratikləşmədə görürlərsə, o zaman buna uyğun şərtlərin təmin edilməsi, idarəçilik formasının dəyişdirilməsi, İranın çoxmillətli quruluşunun tanınması və başqa tələblər yerinə yetirilməlidir. Bu isə son nəticədə İranın dağılmasına gətirib çıxaracaq. Amma bütün hallarda bu, İran üçün hələ ki ən optimal variant kimi görünür.

A.Zeynalov

www.yenicag.az

9135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv