Növbəti polis vəhşiliyi-Fotolar,Video
ABŞ-da növbəti polis vəhşiliyi: iki övlad anası atəşə tutuldu
ABŞ-da hüquq-mühafizə orqanları ilə bağlı daha bir qalmaqal yaşanır. Polis əməkdaşları iki övlad anasını, evdar qadını vurublar.
Olay ABŞ-ın Alabama ştatındakı Hanstvill şəhərində yaşanıb.
İki övlad anası, evdar qadın Layza Skinner əri Bredli Skinnerdən boşanıbmış. 52 yaşlı Layzanın dediyinə görə, Bredli onu sürəkli döyür, ölümlə hədələyirmiş.
Məhkəmə Bredliyə arvadına 300 metr məsafəyə yaxınlaşmağı da yasaqlayıbmış.
59 yaşlı Bredli dünən içib sərxoş olub və sabiq arvadının yaşadığı məkana, qaynanasının evinə yollanıb.
O, evin qapısını döyüb: “Qapını aç, fahişə! Aç, sənin başını kəsməyə gəlmişəm!” – deyə bağırıb. Layza qorxub və 911 xidmətinə zəng vuraraq yardım istəyib. Onun anası isə qonaq otağının pəncərəsindən həyətə atılaraq qonşulara qaçıb, kömək diləyib.
Bu zaman Bredli Skinner qapını sındırıb və içəri girib. Onun əlində bıçaq olduğu deyilir. Gözü qızmış, sərxoş ərini qorxutmaq istəyən Layza Skinner ov tüfəngini götürərək: “Yaxın gəlmə, atəş açacağam!” – qışqırıb. Amma Bredli sabiq arvadını boğmağa çalışanda Layza tətiyi çəkib.
Atəş açılıb və Bredli yerə yıxılıb. O, ağır yaralanıb.
Olay yerinə gəlmiş polis Layzanı hədəfələ alaraq: “Silahı atın, əllərinizi qaldırın!” – əmri verib.
Arxası polislərə tərəf olan Layza çaşqınlıq içində geriyə dönəndə tüfəngi yerə atmağı unudub.
Polis əməkdaşları da ona atəş açıblar. Alabama ştatının polis idarəsindən verilən məlumata görə, Layza Skinner boşanandan sonra dəfələrlə polisə şikayətlənərək əri tərəfindən hədələndiyini, ölümlə təhdid olunduğunu təsdiqləyib.
Polis onu da bildirib ki, Bredli Skinner tapança və böyük bıçaqla silahlanıbmış. Hospitala aparılmış Skinnerlərin hər ikisinin durumunun kritik olduğu vurğulanır.