Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin ölkəmizin dinamik inkişafına rəvac verdiyini vurğulayan Baş nazir Novruz Məmmədov bu baxımdan gələn ilin dövlət büdcəsinin layihəsinin də əldə olunan nailiyyətlər zəminində, habelə dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edildiyini bildirib. O qeyd edib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin həmişəki kimi sosialyönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.
Sonra gündəlikdə duran məsələlərə dair Azərbaycan Respublikası maliyyə nazirinin və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavininin məruzələri dinlənilib.
Geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
www.yenicag.az