Nüvə diplomatiyası: İranın “təslim modeli” üzərindəki strateji OYUNLAR
“İsrail-İran qarşıdurmasından sonra da Üçüncü Dünya müharibəsi başlamayacaq”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi verdiyi vədləri niyə yerinə yetirə bilmədiyi ilə bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, Tramp vədlərini gerçəkləşdirmək üçün reallıqların düşünüldüyü kimi olmadığının fərqinə vardı:
“Düzdür, o, həm Rusiya-Ukrayna, həm də İsrail-İran münaqişəsinin aradan qaldırılması üçün kifayət qədər reallıq göstərdi. Müəyyən nəticələr də əldə etdi. Rusiya-Ukrayna müharibəsi fonunda başladılan danışıqların il sonuna qədər nəticə verəcəyi gözlənilir. İsrail-İran münaqişəsi isə yalnız bölgə yox, ümumilikdə dünya üçün təhlükəlidir. İranın nüvə silahına malik olmaması ilə bağlı Tramp qəti mövqeyini ortaya qoyub. Bunun isə tək yolu İran daxilində nüvə zənginləşdirən müəssisələrin olmamasıdır. Zənginləşdirilən uran dinc məqsədlər üçün istifadə edilməli və xaricsən gətirilməlidir. Yaxud təklif edir ki, ya Moskva, ya da ABŞ-nin çətiri altında bu reallaşdırılsın. Həmin təklif hələ ki, hər kəs tərəfindən ağıllı addım kimi görünür”.
Onun sözlərinə görə, İran isə bununla razılaşmır və məlum olur ki, heç də dinc olmayan məqsədlər üçün artıq 60% uran zənginləşdirib və nüvə silahı üçün lazım olan səviyyəyə xeyli yaxınlaşıb:
“Endirilən zərbələr və öldürülən alimlər fonunda İran sözügedən təklifi qəbul etmək məcburiyyətindədir. Verilən müddətə, əgər İran həmin təklifi qəbul etməsə, vəziyyət daha da ağırlaşacaq və ABŞ-də proseslərə birbaşa qoşulacaq. Bunun Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyi düşünülürmü? Yəqin ki, yox. Düzdür, bəziləri artıq üçüncü dünya müharibəsinin başladığını iddia edir, çünki Rusiya–Ukrayna müharibəsində 50-dən çox ölkə dolayı yolla iştirak edir. Lakin döyüş əməliyyatlarında yalnız Rusiya, Ukrayna və Şimali Koreya əsgərləri birbaşa iştirak edir. Bu səbəbdən, ehtimal olunur ki, İsrail-İran qarşıdurmasından sonra da Üçüncü Dünya müharibəsi başlamayacaq. Əksinə, İranın nüvə silahına sahib olmaması üçün tələb olunan addımlar atılacaq və dünya böyük bir təhlükədən xilas olacaq”.
Nəsimi Ələsgərli