“O, erməni təşkilatı olacaq”
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus rəhbərlik etdiyi təşkilatın nəzdində Repressiyalara Qarşı Müqavimət Mərkəzi yaradıb. O, mərkəzin yaradılmasına ehtiyacı hakimiyyətin təzyiqləri qarşısında vətəndaş cəmiyyətinin müdafiə mövqeyindən hücuma keçmək zərurəti ilə izah edib.
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına deyib ki, Leyla Yunus sifarişlə hərəkət edir: “Leyla Yunus nə təşkilatı yaradır-yaratsın, adını nə qoyur-qoysun, o, erməni təşkilatı olacaq. Repressiyalara Qarşı Müqavimət Mərkəzi adı ilə demək istəyir ki, guya Azərbaycanda repressiya, onun qurbanları və ya siyasi məhbuslar var. Amma bizdə nə repressiya, nə onun qurbanı, nə də siyasi məhbus var.
Leyla Yunus deyir ki, mərkəz öz fəaliyyətində keçmiş SSRİ-nin hüquq müdafiəsi üzrə dissident qurumlarının iş metodlarından istifadə edəcək. SSRİ-də dissidentlər vardı, Azərbaycanda da bir-iki nəfər vardı. Artıq o quruluş dağılıb, yeni bir quruluş yaradılıb, azad məhkəmə sistemi var. Kim istəyir, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər”.
YAP icra katibinin müavini hesab edir ki, cəmiyyət, mətbuat Leyla Yunusu və onun təşkilatını boykot etməlidir: “Onun hansısa təşkilat yaratmasını, nə iş görməsini geniş yaymağa ehtiyac yoxdur. Leyla Yunusun hərəkətlərinə, etdiklərinə diqqət ayrılmasını istəyir. Ona görə də onun təşkilatı, fəaliyyəti haqda danışılmasa, yazılmasa daha yaxşıdır”.