Beyin infarktı keçirən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər hələ də nə yeriyə, nə də danışa bilmir. Özəl xəstəxanaların birində müalicə olunan bəstəkar, gələn həftə reabilitasiya mərkəzlərinin birinə köçürüləcək.
Bəstəkarın xanımı Aybəniz Əkbərin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Tahir Əkbərin səhhəti necədir, həkimlər onun vəziyyətini necə qiymətləndirirlər?
– Həkimlərin səyi nəticəsində Tahir kəfəni yırtdı. Artıq yatağında oturur, amma hələ də nə yeriyir, nə də danışır. Həkimlər qolundan tutub ayaq üstə də qaldırır. Amma huşu üstündədir, baş verənlərə reaksiya verə bilir. Həkimlər deyir ki, onu həyəcanlandırmaq olmaz. Bu günlərdə “Nanəli” verilişində Alim Qasımov Tahirin mahnısını oxudu. Həmin lent yazısını özünə də göstərdim, ifanı çox bəyəndi. Hiss etdim ki, efirdə xatırlanması onun əhval-ruhiyyəsini qaldırdı.
– Sənət yoldaşlarından ziyarətinə kimlər gəlir?
– Aybəniz Haşımova hər zaman gəlib-gedir. Firuzə İbadova, Zöhrə Abdullayeva, Azər Zeynalov, Zakir Əliyev, Eldəniz Məmmədovdan başqa heç kim yanına gəlməyib. Tahirin gözləri qapıdadır, baxışlarından hiss edirəm ki, incikdir.
– Sizcə, kimlərdən daha çox umub-küsür?
– Tahirin mahnılarını üç nəsil sənət adamları ifa edib. Çoxları onun bəstələri ilə tanınıb, pul qazanıb. Amma bu gün onların heç biri Tahiri bir quru telefon zəngi ilə yad etmir.
– Bəlkə adlarını çəkəsiniz, kimləri nəzərdə tutursunuz?
– Adlarını çəkməyəcəm, amma bu yazını oxuyandan sonra özləri başa düşəcək. “Azəristar” yarışmasında bir gənc müğənniyə Tahir çox böyük dəstək oldu. Ona mahnı hədiyyə etdi. Bir biznesmenə zəng etdi, evimizə çağırdı, ondan xahiş etdi ki, həmin gəncin klipini çəksin. O biznesmen həmin gənc müğənninin cibinə xərclik də qoydu. 1996-cı ildə bir xalq artistimiz evimizə gəldi, indiki kimi yadımdadır, sarı don geyinmişdi. Tahir o xalq artistinə görə bir bankirə ağız açdı ki, ona dəstək olsun. Hansı ki, Tahir heç vaxt özünə görə kiməsə ağız açmayıb. Bunu qüruruna sığışdırmayıb. Amma başqasına görə hər şey edib. Çünki onun ürəyi böyükdür. Saysız-hesabsız müğənnilər var ki, hamısı Tahirin hesabına Rusiya toylarında külli miqdarda pullar qazanır. Hamısı indi özlərini tutub, yaxşı dolanışıqları var. Allah özlərinə nəsib etsin, gözümüz yoxdur. Amma adam keçmişini unutmaz, ona yaxşılıq edən insanın gözünü yolda qoymaz. Bir zəngi belə Tahirə çox görürlər. Buna görə də Tahir çoxlarından incikdir. Biz demirik gətirib, Tahirə pul-para versinlər, yox, sadəcə diqqətdən söhbət gedir. Şükür Allaha, heç kimin puluna da ehtiyacımız yoxdur, dövlətimiz sağ olsun, hər cür diqqət-qayğı göstərir. Tahir Əkbər bu gün Mehriban xanım Əliyevanın qayğısı nəticəsində sağdır.
– Bəs nə vaxt evə buraxılacaq?
– Həkimlər deyir ki, hələ 6 ay nəzarətdə olmalıdır. Söz veriblər ki, o vaxta qədər Tahir həm yeriyəcək, həm də danışacaq. Gələn həftə reabilitasiya mərkəzlərindən birinə köçürüləcək.
– Qızına görə çox narahat idi. Bir dəfə saytımıza açıqlamasında qızının təhsilinə görə fikir etdiyini dilə gətirmişdi…
– Elə indi də onun fikrini çəkir. Ən böyük arzusu qızının ali məktəbi bitirdiyi günü görməsidir. İnşallah, qızım bu il Dillər Universitetinin məzunu olacaq.
Cəvahir
www.yenicag.az