Bank sistemi dünyada daima inkişaf edən və iqtisadiyyatın aparıcı sütunlarından biri olan bir sahədir. Müasir dövrdə bankların rolu daha da artıb və kreditlərin onlayn şəkildə əldə edilməsi də bu inkişafın bir hissəsidir. Lakin Azərbaycanda banklardakı yüksək kredit faizləri cəmiyyətdə narazılıqlara səbəb olur.
Kreditlərin faiz dərəcələri niyə bu qədər yüksəkdir?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimli bildirib ki, Azərbaycandakı yüksək kredit faizlərinin əsas səbəbləri ölkədə çoxlu sayda problemli kreditlərin mövcud olduğunu və bunun banklar üçün risk dərəcəsini artırır.
“Kredit faizlərinin yüksək olması ilə bağlı digər problemlərdən biri də müəyyən inamsızlıq məsələlərinin olmasıdır. Müstəqillik dövründə bir sıra bankların açılıb-bağlanması problemləri olduğuna görə bir sıra inamsızlıq məsələləri yaradılmışdır. Əmanətlər nə qədər çox gətirilib banka qoyulsa, orada daha çox vəsait yaranar və əmanətlərin daha çox olması müəyyən güzəştlərin daha çox olması deməkdir”.
Ekspert kredit faizlərinin aşağı düşməsi üçün bir neçə həll yolu təklif edir:
“İlk növbədə, əsasən, nizamnamə kapitalı yüksək olan bankları dövriyyəyə buraxmaq lazımdır. Xarici bankların Azərbaycanın bank sektorunda iştirakına maksimum şərait yaratmaq lazımdır ki, rəqabət artsın və faizlər aşağı düşsün. Həmçinin həmin xarici banklar ölkə bank sektoruna daxil olduqda ölkələrin xarici investorlar tərəfindən investisiya qoyuluşu həyata keçirilir, həm də rəqabət yaranır. Belə olduğu halda, bank faizlərinin aşağı düşməsi həyata keçirilə bilər. Bundan əlavə, Mərkəzi Bank tərəfindən tənzimləmələrin həyata keçirilməsi ilə də kredit faizlərini aşağı salına bilər”.
A. İbrahimli faizlərin aşağı düşməsinin, xüsusən də kiçik və orta sahibkarlığa müsbət təsir edəcəyini vurğulayır:
“Kiçik və orta sahibkarlığın bütün dünyada inkişafına ən böyük töhfə verən sahələrdən biri banklardır və orada əldə olunan rahat və faizləri aşağı olan kreditlərdir. Bu nə qədər rahat münbit və əldəolunan olacaqsa, ölkədə kiçik və orta sahibkarlıq bir o qədər yüksək inkişaf edəcək. Həmçinin bu sahə ilə bağlı dövlət tərəfindən müəyyən proqramların mövcudluğu da sahibkarlığın inkişafına kömək edir”.
Nəzrin Bünyatova
www.yenicag.az