Natiq Cəfərli: “Qərarın ləğvinə sui-istifadə hallarının səbəb olduğuna inanmıram”
Bildiyimiz kimi bir neçə gün əvvəl prezident İlham Əliyev 10 min manata qədər məhsulların gömrük rüsumu ödəmədən ölkəyə gətirilməsi haqda güzəşti ləğv etdi. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS TV-yə açıqlamasında bu addımın atılmasının səbəbini sui-istifadə halları ilə əlaqələndirib: “Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tutulurdu. Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul eləmədi və hətta qüvvəyə minməsindən əvvəl də sui-istifadə hallarına cəhdlər edilirdi. İkici bir məsələ-ölkədəki manatın devalvasiyası prosesindən sonra artıq bu valyutanın xaricə axınına səbəb ola bilərdi”.
Görəsən, DGK sədrinin 10 min manatlıq güzəştin ləğvinə səbəb olan amillərlə bağlı dediyi fikirlər nə dərəcədə həqiqəti əks etdirir, həqiqətən də sözügedən güzəştin ləğvində sui-istifadə hallarının olması rol oynayıb?
İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında 10 min dollarlıq güzəştin ləğvinin səbəbləri məsələsilə bağlı DGK rəhbərinin açıqlamasında haqlı olmadığını bildirdi: “Əslində, 10 min manata qədər məhsulların gömrük rüsumu ödəmədən ölkəyə gətirilməsi prosesində sui-istifadə halları var idisə və yaxud valyuta çıxışının qarşısını almağı düşünürdülərsə, həmin güzəştli qaydalarla bağlı qərar verilən zaman da sözügedən problemlər mövcud idi. Yəni 10 min manatlıq malın gömrük rüsumu olmadan ölkəyə gətirilməsinə icazə verilməsi haqqında qayda oktyabrın sonlarında, bu ilin yanvarında tətbiq olunmaq şərtilə verilmişdi. Bu dövrdə də əslində ölkədən valyuta çıxışının sürəti artırdı, həm də idxal mallarından asıllılıq eyni səviyyədə qalaraq, son bir neçə ayda dəyişməyib. Ona görə də qərarın ləğvinə sui-istifadə hallarının səbəb olduğuna inanmıram. Çünki Azərbaycanda 10 min dollarlıq mal gətirməklə hansı sui-istifadə hallarına yol vermək olar ki? İnsanlar ancaq öz ehtiyaclarını ödəmək üçün həmin verilən qaydalardan yararlanmağı düşünürdü ki, evlərinə mebel, məişət texnikası və s. alsın. Yəni burada ciddi sui-istifadə hallarının ola biləcəyindən danışmaq yersizdir. Amma valyutanın ölkədən çıxışı məsələsi doğrudur. Lakin valyutanın ölkədən çıxışının sürətlənməsi təkcə 10 min dollarlıq icazəyə görə deyildi. Ümumiyyətlə, ölkədən ciddi kapital qaçışı var. Manatın devalvasiyası insanlarda güvənsizlik yaratdı və onlar əllərində olan vəsaitin böyük hissəsini xaricə çıxararaq, başqa ölkələrdə, Gürcüstan, Türkiyədə daşınmaz əmlaka qoymağa daha çox üstünlük verirdi. Bu yolla əmanətlərini qoruyub saxlamağa çalışırdılar. Belədə ölkədən kapital axınının sürətlənməsi sözügedən qərarın ləğvində doğrudan da mühüm rol oynadı”.
ELÇİN
www.yenicag.az