“Şirkətlərə inamın az olması sığorta bazarının inkişafına əngəl yaradan mühüm amillərdəndir”.
Bu fikirləri ölkənin sığorta bazarında yaranmış vəziyyəti dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, sığorta məhsulları haqqında vətəndaşlarımızın məlumatlılıq səviyyəsinin aşağı olması bu sektordakı xidmətlərin əlçatanlığına mənfi təsir göstərir:
“Ölkədə sığorta bazarının böyüməsi təbii ki pozitiv haldır. Çünki bu, nəticə etibarilə, vətəndaş və şirkətlərimizin sığortadan istifadə imkanlarını daha da genişləndirir.
Lakin etiraf etmək lazımdır ki, sığorta bazarı hələlik arzuolunan miqyasda deyil və bunun da fərqli səbələri var. Əsas səbəblərdən biri də sığorta şirkətlərinə inamın azlığıdır. Bu istiqamətdə müəyyən işlərin görülməsinə baxmayaraq, yenə də bəzi sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməməsi sözügedən sektora qarşı neqativ münasibəti gücləndirir.
Şirkətlərə inamın az olması sığorta bazarının inkişafına əngəl yaradan mühüm amillərdəndir. Digər məqam isə məlumatlandırma ilə bağlıdır. Xüsusilə, bir sıra sığorta məhsulları haqqında vətəndaşlarımızın məlumatlılığının azlığı sığorta bazarındakı xidmətlərin əlçatanlığına mənfi təsir göstərir.
Eyni zamanda, aqrar sektorda sığorta məhsullarının əhəmiyyəti ilə bağlı maarifləndirilmə işlərinin genişləndirilməsi çox vacibdir. Vurğulanan iki faktor birmənalı olaraq, adıçəkilən bazarın inkişafına təsir göstərir. Bu istiqamətdə işlərin sürətləndirilməsi sayəsində sığorta bazarının böyüməsi təmin edilə bilər”.
Yusif Səmədzadə
www.yenicag.az