“Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad yüksək səviyyədə keçdi. Paradda ən müasir silahlar və texnikalar nümayiş olundu. Bunların hamısı Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun sahib olduğu müasir silahlar və texnikalarıdır. Bu baxımdan əminliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib və Əlahiddə Ümumqoşun Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə hazırdır, buna tam qadirdir”.
Yenicag.az xəbər verir ki, bunu oktyabrın 18-də Naxçıvan şəhərində keçirilən paraddan sonra Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Naxçıvanın müdafiə potensialının daim gücləndirilməsinə xüsusi diqqət yetirir: “O da məlumdur ki, Ali Baş Komandanın son illər ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli ordusuna çevrilib. Bu gün beynəlxalq araşdırma mərkəzləri dünyanın ən güclü ordularının siyahısını tərtib edərkən Azərbaycan Ordusuna da xüsusi diqqət ayırırlar. Bir sıra ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan Ordusu layiqli yerini tutur”.
Reytinq siyahısı müəyyənləşdirilərkən çox mühüm məsələlərin, xüsusən, orduların döyüş hazırlığı səviyyəsinin nəzərə alındığını qeyd edən müdafiə naziri vurğulayıb ki, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, nizam-intizamı və vətənpərvərliyi xüsusi qeyd olunur.
Nazir bildirib ki, bu il keçirilən təlimlərdə Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu Silahlı Qüvvələrdə döyüş hazırlığına, nizam-intizamına görə birinci yeri tutub. Bu da onu göstərir ki, Ali Baş Komandanın bütün tapşırıqları burada dəqiqliklə yerinə yetirilir.
“Naxçıvanda dəfələrlə döyüş atışlı təlimlər keçirilib. Bu təlimlərdə qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrinin bölmələri də iştirak ediblər. Ötən günlərdə Tbilisidə Gürcüstan, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü olub. Həmin görüşdə plana uyğun olaraq ikitərəfli və üçtərəfli hərbi təlimlərin keçirilməsi barədə razılıq əldə edilib. Bütün bunlar yaxın vaxtlarda icra olunacaq”, – deyə Zakir Həsənov deyib.
www.yenicag.az