“Separatçılar silah daşıyaraq, Rusiya sülhməramlıları buna göz yumaraq Azərbaycanı məcbur etdi ki, əməliyyat keçirsin”.
Bu fikirləri Azərbaycan ordusunun son iki əməliyyatını dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.
Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusunun keçirdiyi əməliyyatların hamısı zərurətdən irəli gəlir:
“Hər bir əməliyyatın özünün hədəfləri var. Prinsip cəhətdən o istiqamətdə yolların nəzarətə alınması ilə bağlı Azərbaycan tərəfi sülhməramlı qüvvələrə, o cümlədən separatçılara xəbərdarlıq etmişdi. Buna səbəb o yollardan qanunsuz stifadə edilməsi idi. Digər tərəfdən, paralel olaraq bununla bağlı hazırlıq tədbirləri görürdü. Nəticədə atışsız lazım olan yüksəkliklər götürüldü, yollara nəzarət əldə olundu.
Atışsız mövqelərin götürülməsi ənənəsi Azərbaycan ordusundan Birinci Qarabağ müharibəsindən sonra da var idi. Bizim hərbçiləri sağdan, soldan, qazaraq, hansısa tədbirlər görərək düşməni heç bir atışsız məcbur edirdi ki, oradan çəkilsinlər. Bizim tutduğumuz mövqelər düşmən üçün təhlükə yaradırdı. Onlar da çəkilirdi başqa mövqelərə. Mənim dövrümdə, korpus komandiri olanda Tovuzda Kollar yolu var, orada 150 metr yer var idi ki, o mövqelərdən yol görünürdü və onlar bəzən atəş açırdılar. Bir dəfə toy karvanı keçəndə atəş açılmışdı. İtkilər olmasa da, narahatlığa səbəb olmuşdu. Bununla bağlı mənə müraciət etdilər. Tovuz rayonunda daha çox dövlət sərhədidir. İki həftə hazırlıq işləri gördük. Qarşı tərəfin rejimini öyrəndik. Aydın oldu ki, onlar bəzən postları tərk edib gedirlər, sabahkı gün gəlirlər. Belə olan halda, postları ələ keçirdik. Səhər onlar gələndə səslə bildirdik ki, postlar artıq bizim əlimizdədir. Rusiyadan nümayəndə gəldi ki, məqsədiniz nədir? Ona başa saldıq ki, buradan yol görünür və mütəmadi olaraq atəş açırlar və ona görə də o postları ələ keçirdik ki, yolun təhlükəsizliyini təmin edək. Ruslar bununla razılaşdı və biz o postlarda qaldıq.
İkinci belə böyük əməliyyat Murovdağ silsiləsini ələ keçirməklə bağlıdır. O vaxt korpus komandiri idim. Güzgü yüksəkliyindən sol tərəfə, Qamış yüksəkliyi və o silsiləni tam ələ keçirdik. Təxminən 14 kilometr irəli doğru, 35 kilometr enində bir ərazi idi. Bu təkcə mənim zamanıma aid misallardır. Bilirəm ki, belə misallar Birinci Qarabağ savaşından sonra çox olub.
Azərbaycan ordusunun atəşsiz, itkisiz əməliyyatlar keçirməsi peşəkarlıqdan xəbər verir. Düşmən niyə atəş açmır? Çünki bilir ki, atəş açsa, cavab atəşi olacaq və onlar məhv olacaqlar.
İstər Fərrux, istər “Qisas” əməliyyatı, istərsə də digərləri, bunların hamısı zərurərtdən irəli gəlib. Son iki əməliyyat niyə ortaya çıxdı? Çünki Azərbaycan ordusu buna məcbur qaldı.
Azərbaycan ordusu Rusiya sülhməramlılarını xəbərdar etmişdi ki, əgər o yollarla silah-sursat daşınmağa davam ediləcəksə, adekvat addım atılacaq. Bu iki əməliyyat həmin adekvat addımlardır”.
Səxavət Məmməd
www.yenicag.az