Partiya sədri: "Rusiya və Çinin yardımı İrana qələbə üçün deyil, ABŞ-ni taqətdən salmaq üçündür"
“Amerika və ona yaxın mənbələr etiraf edir ki, İranın hələ də döyüşmək üçün kifayət qədər gücü qalıb. Raketlər, PUA-lar və digər ehtiyat qüvvələri nəzərə alsaq, İranın mövcud arsenalı yetərlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Partiya sədri ABŞ-nin İranla bağlı son etiraflarına və Tehranın hərbi arsenalının yarısının hələ də mövcud olması məsələsinə toxunub:
“Amerikanın bu etiraflarını müxtəlif cür qiymətləndirmək olar. Tramp neo-imperialist siyasət yürüdür, tək qütblü dünya nizamı yaratmağa çalışır və bu istiqamətdə artıq müəyyən nəticələr əldə edib. 2003-cü ildən etibarən Körfəz və digər ərəb ölkələri tam şəkildə Amerikanın nəzarətindədir. Sonrakı dövrdə Rusiya və Ukrayna ilə bağlı məsələlərdə də tamamilə ABŞ-dən asılı siyasət yürüdülür. Pentaqonun son doktrinasında belə bir cümlə yer alır: ‘Rusiya idarəolunan, amma riskli ölkədir’. Əsas hədəf kimi Çin göstərilsə də, Çin bu münaqişədə hələ ki açıq formada meydanda yoxdur. Amerika qitəsində nəzarətdən kənar fəaliyyət göstərən Venesuela da artıq ram olundu. ABŞ tərəfindən digər ölkələrə mesajlar göndərilərək Meksika və Kuba başda olmaqla açıq təhdidlər edilir. İndi isə müqavimət göstərən əsas tərəf İrandır. İran yalnız öz gücünə deyil, eyni zamanda Rusiya və Çinin dəstəyi ilə ayaqdadır. Böyük ehtimalla onlara silah və sursat yardımı da edilir. Lakin Rusiya və Çinin yardımı İrana tam qələbə qazandırmaq üçün deyil, Amerikanın taqətdən salınmasına hesablanıb. Bu strategiyanın nə qədər effektiv olacağı və İranın nə qədər müqavimət göstərəcəyi sualları hələ ki açıq qalır”.
A. Nağı Amerikaya qarşı dünya dövlətlərinin birləşməsinin vacib olduğunu diqqətə çatdırıb:
“Amerikanın İranla bağlı siyasətini belə xarakterizə etmək olar: ABŞ ‘iki addım irəli, bir addım geri’ siyasəti yürüdür. Bu, çox qorxulu bir tendensiyadır. Dünya hökmranlığına can atan Amerikaya qarşı müqavimət göstəriləcək, amma bu kifayət etmir. Nəzərə alsaq ki, Avropa da tamamilə təsirsiz hala gətirilib, belə bir şəraitdə yeganə çıxış yolu Amerikanın qarşısını almaq üçün bütün qüvvələrin birləşməsi və İrana ciddi dəstək verilməsidir. Hazırda həmin dəstək yetərincə hiss edilmir və İran yalnız öz daxili ehtiyatları hesabına müqavimət göstərir”.
Partiya sədri qeyd edib ki, Amerikanın İranla bağlı etiraflarının arxasında fərqli səbəblər və planlar dayanır:
“Amerikanın İranın hələ də döyüşmək üçün gücünün qalmasını etiraf etməsi, görünür ki, iki variantdan birinə əsaslanır: ya ABŞ dezinformasiya yayaraq İranı arxayınlaşdırmağa çalışır, ya da müharibənin hələ uzun müddət davam edəcəyini Amerika xalqına çatdırmaq üçün rəy formalaşdırır. Mənim ehtimallarıma görə, müharibə ilin sonuna qədər davam edə bilər. İlin sonunadək Amerikanın mərhələli planları ola bilər. Tramp elə ilk prezidentlik dönəmində məqsədlərinə tez bir zamanda nail ola bilməyəcəyini anlayırdı; 12 günlük müharibə də buna əminlik yaratdı. Düşünürəm ki, yaranan məlumatlara ciddi yanaşmaq lazımdır. İranın müqavimət potensialı hələ də mövcuddur. Amerika tək qütblü dünya hökmranlığına nail olmağa çalışır, amma bunu qura bilməyəcək. Azərbaycan və Türkiyə bütün bu ssenarilərə hazır olmalıdır”.
Nurlan Cəfəri













