Bakıda bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardı:
1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin uzunluğu 57.4 metr, qalereyasının eni 4.4 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid bağlı qazma üsulu ilə inşa edilir.
2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi. Keçidin uzunluğu 227 metr, eni 2.7 metr yoldan hündürlüyü isə 5.5 metrdir. Piyada keçidi “asma” tipli və üst hissəsi açıq olacaq.
3. Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 metr, eni 3.5 metr, yol üzərindən hündürlüyü isə 5.5 metr təşkil edir.
4.Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59.4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5.15 metr təşkil edir.
5.Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü 5.5 metr təşkil edəcək.
Bundan başqa daha 5 yerdə də yeni piyada keçidlərinin inşası nəzərdə tutulur. Bu aşağıdakı ərazilərdir:
1.Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində.
2. Xətai rayonu, Neapol küçəsi (parkın yanı).
3. Zığ yolunda (Zığ dairəsinin yaxınlığı).
4. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27.7-ci km-də (Ceyranbatan qəsəbəsi).
5. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 39-cu km-də (Qaradağ rayonu).
Qeyd edək ki, dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda və Bakı ətrafı yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.
www.yenicag.az