Pentaqonda generalların istefa dalğası: Böyük müharibə hazırlığı başlayır?
“ABŞ ordusunda istefalar davam edəcək”
Politoloq Məhəmməd Əsədullazadə Pentaqon rəhbəri Pit Heqsetin ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcu istefaya məcbur etməsini Yenicag.az-a şərh edib.
Ekspertin sözlərinə görə, bu addım Amerika hərbi elitasındakı dərin fikir ayrılıqlarının göstəricisidir:
“Pentaqon rəhbəri Pit Heqsetin Baş Qərargah rəisini dərhal istefaya göndərməsi ordunun rəhbər heyətindəki parçalanmadan qaynaqlanır. Görünən odur ki, Baş Qərargah rəisi ordunun İrana quru müdaxiləsində maraqlı deyil və belə bir müharibəyə başlamağı məqsədəuyğun saymır. İrana qarşı hərbi əməliyyatlar məsələsində ABŞ siyasi elitasında ciddi ixtilaflar mövcuddur. Bir çox generallar bu potensial münaqişəni ‘Netanyahunun müharibəsi’ adlandırır və Amerikanın bu prosesə cəlb olunmaması üçün çalışırlar. Digər tərəfdən, müdafiə naziri İrana müdaxilənin tərəfdarı kimi çıxış edir və Trampın da bu məsələdə nazirin mövqeyinə etimad göstərdiyi məlumdur.”
M. Əsədullazadə qeyd edib ki, ABŞ ordusunda kadr islahatları və istefalar hələ bitməyib:
“Pentaqonda istefaların davam edəcəyi istisna deyil. İrana müdaxilə Amerikanın strateji planlarında yer alsa da, hazırkı mərhələdə bu, daha çox İsrail tərəfindən təhrik edilir. Rusiya-Ukrayna müharibəsi yekunlaşmadan yeni bir cəbhənin açılması Amerikanın cari maraqları ilə üst-üstə düşmür.”
Nurlan Cəfəri













