!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun yola salınması mərasimində - YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Yenicag.az xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər, videoçarx nümayiş olunub.

Bildirilib ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.

BP-nin regional prezidenti Qəri Counz deyib: “Bu, hər iki tərəfdə yerləşən nəhəng çənlərin idarəetmə modullarıdır. Hər tərəfində belə üç çən var. Olduqca nəhəng qurğudur”.

Prezident İlham Əliyev: “Bəli, həqiqətən də möhtəşəmdir. Video çox əhatəli idi. Sıfırdan nəhəng infrastruktur qurğusu yaradılıb”.

Qəri Counz: “Burada – zavodda gördüyünüz hər şey poladdan hazırlanıb”.

Prezident İlham Əliyev: “Bəli, bu da ən böyük nailiyyətlərdən biridir. Çünki başlanğıcda bu, heç də belə deyildi. Lakin bir müddət sonra bütün inşaat işləri burada həyata keçirildi. Bu, əhəmiyyətli nailiyyətdir. Bundan başqa, bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı”.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə: “Bəli, burada dərin özüllər zavodu Heydər Əliyevin sayəsində tikildi. O, olmasaydı, zavodu burada tikməyəcəkdilər”.

Qəri Counz: “Görüləcək çox iş var. Bilirsiniz ki, biz “Şahdəniz”də də dərində qazma işləri aparırıq. Çox maraqlıdır. Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq”.

Prezident İlham Əliyev: “Bəli, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, düşünürəm ki, əsl vaxtında olacaq. Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək. Praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq oldu. Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir”.

Qəri Counz: “Bu, bizim məqsədimizdir”.

Rövşən Nəcəf: “Tərəfdaşlarla müzakirə etdiyimiz ideya ondan ibarət idi ki, tərəfdaş olmaq sadəcə mənfəət və xərclərin bölüşməsi deyil. Eyni zamanda, bilik və yeni texnologiyaların mübadiləsidir. Ona görə biz daha yaxşı nəticə əldə etmək üçün yeni mütəxəssisləri, yeni fikirləri və yenilikləri bir araya gətiririk”.

Sonra Prezident İlham Əliyev, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və BP-nin regional prezidenti Qəri Counz dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basıblar.

Prezident İlham Əliyev: “Bizim daha bir vacib mərasimimiz var. Qəri Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir”.

Qəri Counz: “Cənab Prezident, bu, mənim üçün gözlənilməz oldu. Sizə çox təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Siz buna həqiqətən layiqsiniz. Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm”.

Qəri Counz: “Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidenti Qəri Counza təqdim edib.

10:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv