Prezident: “Biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq” – VİDEO

“Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı deyib: “Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya.

Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix.

XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır”.

“İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar.

Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır”, – deyə dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti deyib: “Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. Xocalı soyqırımı haqqında. Artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır.

Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar daim bu məsələni qaldırmalıdırlar”.