"Prezident Kuboku-2025": Avarçəkənlərimiz daha 5 medal qazandılar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.
Yenicag.az xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.
Günün ilk yarışında Əlimurad Hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb. Eyni məsafəyə Əlimurad Hacızadə (2009-2010) ilə Mustafa Vəlizadə/Elmir Tarverdiyev (2011-2012) cütü ikinci, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü (2011-2012) üçüncü yeri əldə edib. Nurlan Paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala sahib çıxıb.
Turnirin ilk günündə Azərbaycan avarçəkənləri üç bürünc mükafata yiyələnmişdilər.
Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.