!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etdi - FOTO

!Reklam – Yazi

11:10

Mayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

“Hörmətli səfirlər.

Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. İlk növbədə, xahiş edirəm ki, mənim səmimi salamlarımı, xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər.

Bildiyiniz kimi, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır. Bir sözlə, ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var.

Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm.

Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. Bildiyiniz kimi, biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.

Bildiyiniz kimi, eyni zamanda, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir. Onu da bildirməliyəm ki, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.

Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu qərara görə biz bütün müsəlman ölkələrinə minnətdarıq. Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir.

Mən bir daha sizi ürəkdən salamlayıram. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı dövlət-hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrin xalqlarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram”.

Sonra Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edib.

COP29

www.yenicag.az

3443
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv