Tənqid həmişə işə kömək edir”
(Ümummilli lider Heydər Əliyev)
Bu il Azərbaycan Sovet Ensiklopediyasının (ASE) 1-ci cildinin çapının 40 ili tamam olur. İdeologiyanın birbaşa təsiri altında yazılmış bu 10 cildlik ensiklopediya öz aktuallığını indi də itirməyib. Bizim ensiklopediya ilə paralel olaraq Moskvada 30 cildlik “Bolşaya Sovetskaya Ensiklopediya” (BSE) çap olunub. Sovetlərin süqutundan sonra çox adam “sovet” sözünü görüb bu möhtəşəm nəşrdən imtina edirdi. Elə bu səbəbdən də bukinistlərdə bu nəşrin üzünə baxan olmurdu. BSE-nin baş redaktoru, fizika üzrə Nobel mükafatı laureatı Aleksandr Proxorovun (1916-2002) ensiklopediya haqqında müsahibəsini oxuduqdan sonra düşünmədən 30 cildliyi aldım. Proxorov BSE-ni möhtəşəm “Britannica” ilə eyni səviyyədə tuturdu.
Azərbaycan Sovet Ensiklopediyası indiki dövr üçün qismən köhnəlib. Bu səbəbdən Azərbaycan Milli Ensiklopediyasının nəşri zəruri idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında” sərəncamlar imzalamışdır. Ölkə başçısının bu addımı təqdirəlayiqdir və ensiklopediya da daxil olmaqla kütləvi ədəbiyyatların nəşri ilə bağlı qəbul etdiyi fundamental qərarlar maarifçilik üçün olduqca önəmlidir. Bütün bunlardan sonra elə bilirdik ki, ölkədə ensiklopediya işini bilən insanların potensialından istifadə ediləcək. Ancaq bunu etmədilər.
2004-cü ildə prezident İlham Əliyevin ensiklopediya ilə bağlı keçirdiyi məşhur müşavirə yaddaşlardan silinməyib. Həmin müşavirə onu göstərdi ki, prezident normal bir ensiklopediyanın tərtib olunmasında son dərəcə maraqlıdır. Onun Milli Ensiklopediyanın Redaksiya Heyəti Sədrliyinə razılıq verməsi bu işə cavabdeh olan şəxslərdə məsuliyyət hissini gücləndirməli idi.
Sual olunur, cəmiyyətimizin həsrətlə gözlədiyi Milli Ensiklopediyanın hazırlanması işi nə yerdədir?
12 ildə cəmi 5 cildin işıq üzü görməsi onu göstərir ki, işlər yaxşı getmir. Dünyada çap olunmuş bütün ensiklopediyaların əsas xarakteristikası bunlardır: məqalələrin, məlumatların, bioqrafiyaların dolğunluğu, orijinallığı və yığcamlığı, orijinal illüstrasiyalar, müəllif hüquqlarının qorunması, materialların yeniliyi və s. Ancaq burada ən mühüm məsələ plagiatlıqla bağlıdır. Məşhur ensiklopediyalarda çox yox, 3-5 cümlənin üst-üstə düşməsinə rast gəlmək mümkün deyil. Ensiklopediyanın plagiat olması onun hazırlanmasına cavabdeh olan şəxslərin məsuliyyətsizliyinə, bacarıqsızlığına, naşılığına dəlalət edir. Azərbaycan Milli Ensiklopediyası təəssüf ki, plagiatlıqla çox “zəngindir”. Bu işə məsul olan insanlar və qurumlar ölkə başçısına və elmi ictimaiyyətə qarşı sayğısızlıq nümayiş etdiriblər. Bu yolverilməz hərəkətdir və fikrimcə prezidenti bu barədə məlumatlandırmaq lazımdır.
Azərbaycan Milli Ensiklopediyasındakı (AME) plagiatlıq faktlarının çox kiçik bir hissəsini bu yazımla diqqətə çatdırmaq istəyirəm. Plagiatlığın böyük hissəsi 30 cildlik (28 cildi işıq üzü görüb) “Bolşaya Rossiyskaya Ensiklopediya”dandır (BRE).
Abdera anlayışı (BRE 1-ci cild, səh 16, AME 1-cild, səh 24). Olduğu kimi köçürülüb. BRE-də məqalənin müəllifi A. P. Abramovdur. AME-də müəllif göstərilməyib.
ABEOKUTA anlayışı (BRE 1-ci cild, səh 21, AME 1-ci cild, səh 42). Olduğu kimi köçürülüb. BRE-də məqalənin müəllifi N. Vinoqradov və S. Mazovdur. AME-də müəlliflər göstərilməyib.
Aberdin məqaləsi (BRE 1-ci cild, səh 21, AME 1-ci cild, səh 43). Olduğu kimi köçürülüb. BRE-də bu məqalədə istifadə olunan ədəbiyyatlar bunlardır: Chapman W. D., Riley Ch. Granite sity a plan for Aberdin və başqaları. AME-də istifadə olunmuş ədəbiyyatlar göstərilməyib.
Abxaz dili (BRE 1-ci cild, səh 50, AME 1-ci cild, səh 43). Məqalə olduğu kimi köçürülüb. BRE-də bu məqalənin müəllifləri bunlardır: P. K. Uslar “Etnoqrafiya Qafqaza”, N. Marr “O yazıke i istorii Abxazov” və başqaları.
AME-də isə müəllif A. Qurbanov “Ümumi dilçilik” göstərilib. Saxtakarlığa diqqət edək: belə çıxır ki, A. Qurbanov bu dil haqqında məqaləni Uslar və Marr ilə eyni cür yazıbmış?
Abiotik amillər (BRE 1-ci cild, səh 25, AME 1-ci cild, səh 48). Olduğu kimi köçürülüb. BRE-də müəllif H. Bulqakovdur. AME-də müəllif göstərilməyib.
Absorbsiya (BRE 1-ci cild 40, AME 1-ci cild 54). Olduğu kimi köçürülüb. Biabırçılığa diqqət edin: formula olan yerlər ixtisar olunub. Formulasız bu anlayışı başa düşmək mümkün deyil. BRE-də ədəbiyyat kimi 4 xarici müəllifin əsərinin adı çəkilib. AME-də bunlar göstərilməyib.
Abstaksionizm (BRE 1-cild, səh 42, AME 1-ci cild, səh 55). Olduğu kimi köçürülüb. BRE-də əsəbiyyat kimi 8 xarici müəllifin əsəri göstərilib. Məqalənin müəllifi B. Kryuçkovadır, AME-də müəllif və ədəbiyyat siyahısı göstərilməyib.
Akademizm anlayışı (BRE 1-ci cild, səh 319, AME 1-ci cild, səh 231). Olduğu kimi köçürülüb. BRE-də məqalənin müəllifi B. Krasovskayadır. AME-də müəllif göstərilməyib.
Aksioma anlayışı (BRE 1-cild, səh. 357, AME 1 cild, səh. 245). Olduğu kimi köçürülüb. BRE-də bu məqalənin müəllifi B. Şextmandır. AME-də bu müəllifin də adı göstərilməyib.
Aristotel (BRE 2-ci cild, səh 216, AME 2-ci cild səh 42). Olduğu kimi köçürülüb. Azərbaycan oxucusu bərbad tərcümə olunmuş mətndən heç nə başa düşə bilməz. BRE-də bu mətnin yazılması üçün 30-dan çox ingilisdilli ədəbiyyatdan istifadə olunub. AME-də bunlar göstərilməyib.
Arrenius Svante (BRE 2-cild, səh. 272, AME 2-cild, səh. 70). Olduğu kimi köçürülüb. BRE-də müəllif P. M. Zorkindir. AME-də müəllifin adı göstərilməyib. Biabırçılığa diqqət edin: AME-nın redaksiya heyətinə 5 kimyaçı akademik salınıb. Ancaq nə faydası, məşhur bir kimyaçının bioqrafiyasını köçürüblər.
Astrofizika (BRE 3-cild, səh. 424, AME 2-ci cild, səh. 155). Olduğu kimi köçürülüb. BRE-də ədəbiyyat siyahısında 4 rus, 2 ingilis müəllifinin əsərləri göstərilib. AME-də ədəbiyyat siyahısının və müəllifin adının göstərilməməsi bir yana, BRE-də adı çəkilməyən bir müəllifin (D. Y. Martınov) kitabının adı göstərilib.
Aytmatov Çingiz (BRE 1-ci cild, səh. 317, AME 2-cild səh. 439). Mətnin böyük hissəsi köçürülüb. Məlumdur ki, mərhum prezident Heydər Əliyevin Aytmatovla səmimi münasibətləri olub. Onların görüşü barədə məlumat və foto ensiklopediyada öz əksini tapmalı idi. Çingiz Aytmatovun Heydər Əliyev haqqında maraqlı fikri var: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, Sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur”. BRE-də Aytmatovun bioqrafiyasının sonunda 5 ədəbiyyat adı göstərilib. Məqalənin müəllifi K. Çekalovdur. AME-də ədəbiyyat kimi N. Cəfərov “Türk xalqları ədəbiyyatı” 4-cü cild göstərilib.
Balzak Onore de (BRE 2-ci cild, səh. 728, AME 3-cü cild, səh. 129). Olduğu kimi köçürülüb. Milli mənafeyimizi nəzərə alıb, BRE-dəki müəllifin adını çəkmək istəmirəm. Analoqu olmayan məsuliyyətsizlikdir. Adam xəcalət çəkir.
Bank məqaləsi: (BRE 2-ci cild, səh. 754, AME 3-cü cild səh. 164). BRE-də dərc olunmuş Dünya Banklarının Reytinq cədvəli də daxil olmaqla məqalə olduğu kimi köçürülüb. Məqalə müəllifi L. Krasavinadır. Bu məqalə BRE-də 2005-ci ildə çap olunub. Məqalə AME-nin 2011-ci ildə çapdan çıxmış 3-cü cildində verilib. Belə çıxır ki, 6 il müddətində bankların reytinqində heç bir dəyişiklik baş verməyib.
Balet (BRE 2-ci cild, səh. 699, AME 3-cü cild, səh. 117). Məqalənin “Azərbaycan baleti” hissəsi istisna olmaqla qalan hissələr, xüsusilə Balet haqqında tarixi oçerk, Balet musiqisi hissələri olduğu kimi köçürülüb. BRE-də məqalə müəllifləri E. Surits, O. Qert və B. Kulakovdur. AME-də müəlliflər göstərilməyib.
Ballada (BRE 2-cü cild səh. 713, AME-3-cü cild səh. 136). Olduğu kimi köçürülüb. BRE-də müəlliflər M. L. Qasparov və S. H. Lebedev, G. Weissert-dir. AME-də müəlliflər göstərilməyib.
Bryusov Valeri haqqında məqalə (BRE 4-cü cild, səh-266, AME 4-cü cild, səh 120). Olduğu kimi köçürülüb. BRE-də bu məqalənin müəllifi N. A. Boqomolovdur. AME-də müəllifin və məqalədə istifadə olunan 6 ədəbiyyatın adı göstərilməyib.
Buber Martin haqqında məqalə: (BRE 4-cü cild, səh.282, AME 5-ci cild səh-13). Olduğu kimi köçürülüb, məqalənin müəllifi S. Averinsevdir. AME-də müəllifin adı göstərilməyib.
Buddizm məqaləsi (BRE 4-cü cild – səh 292, AME 4-cü cild, səh 23). Köçürülüb. BRE-də müəlliflər B. Androsov, M. Yesipov, V. Malyavindir. AME-də müəlliflərin heç birinin adı göstərilməyib.
Buxara haqqında məqalə (BRE 4-cü cild, səh 424, AME 5-ci cild, səh 46). Məqalə olduğu kimi köçürülüb. BRE-də bu məqalənin yazılması üçün 4 ədəbiyyatdan istifadə olunub. Məqalənin müəllifləri: D. Arapov, T. Stradupovdur. AME-də ədəbiyyat və müəlliflərin adı göstərilməyib.
Butlerov A. (BRE 4-cü cild, səh 414, AME 5-ci cild, səh 132). Köçürülüb. Məqalənin müəllifi P. Zorkiydir. AME-nin məsul katibi akademik Tofiq Nağıyev ixtisasca kimyaçıdır. Bu adam kimyadan olan məqalə və alimlərin bioqrafiyasına belə diqqət etməyib.
Bioqrafiyalarla bağlı olduqca maraqlı bir faktı da diqqətə çatdırmaq istəyirəm.
BRE-nın 4-cü cild 437-ci səhifəsində Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Buş (ata), və 43-cü prezidenti Corc Buşun (oğul) bioqrafiyaları verilib. Bu bioqrafiyalar AME-nın 5-ci cildinin 420 və 421-ci səhifələrinə köçürülüb. Mənbə göstərilməyib. Ensiklopediyada ata Buş və oğul Buşun Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyevlə olan görüşlərindən bir cümlə belə yer almayıb. Bu məlumatların verilməsi olduqca vacib idi. Heydər Əliyev ata Buşla 2002-ci ilin sentyabrında görüşüb. Oğul Buşla prezident İlham Əliyev 12 iyun 2006-cı ildə görüşüb. Ata Buşun Heydər Əliyev haqqında fikirləri olduqca maraqlıdır: “Heydər Əliyev Azərbaycan müstəqilliyinin ilk illərində onun təşəkkülündə oynadığı mühüm rola görə daim yaddaşlarda qalacaq. Üstəlik, onun səyləri sayəsində biz iki ölkə arasında möhkəm iqtisadi və diplomatik münasibətlər yaratmağa müvəffəq olmuşuq”.
Ölkələr haqqında dərc olunan məqalələrin demək olar ki, hamısı adını çəkdiyim ensiklopediyadan müəlliflər göstərilmədən köçürülüb.
Bu məqaləmdə plagiatlığın çox kiçik bir hissəsini qeyd etdim. Ensiklopediyada əksər bioqrafiyalar köçürülməklə yanaşı, həm də qüsurlu yazılıb. Fikrimcə, belə ciddi nəşrlərə Ağadadaş Ağayev, Faiq Ağayev, Elşad Abdullayev (Beynəlxalq Universitetin keçmiş rektoru) kimi şəxslərin bioqrafiyalarının salınması doğru deyil.
Azərbaycan Milli Ensiklopediyasında Çingiz Abdullayevin bioqrafiyasına 10 il Azərbaycanda rəhbər vəzifədə işləmiş Vəli Axundovun bioqrafiyasından çox yer ayrılıb.
İşlənməsinə və çapına milyonlarla manat vəsait xərclənən Milli Ensiklopediya belə urvatsız hazırlanmamalı, ölkənin imicinə zərər vurmamalıdır. Fikrimcə, tez bir zamanda yol verilən qüsurlar aradan qaldırılmalıdır. Ensiklopediya işi məsuliyyətli və çətin işdir. Burada işi bilməyənlər yaxalarını kənara çəkməlidirlər. Elm sahələri üzrə məqalələr, elmi cərəyanlar, anlayışlar, bioqrafiyaların böyük əksəriyyəti, ölkələr haqqında məlumatlar köçürülürsə, onda yerdə nə qalır? Ensiklopediya belə tərtib olunmur, əziz həmkarlarım!
P.S. Milli Ensiklopediyadakı qüsurlar barədə Ensiklopediyanın Redaksiya Heyəti sədrinin 1-ci müavini akademik Ramiz Mehdiyevə teleqram vasitəsilə məlumat verdim. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə baxılmaq üçün göndərilən teleqramıma cavab olaraq həmin təşkilatın direktor müavini Afiq Sultanovun imzası ilə ünvanıma göndərilən məktub məni şoka saldı. Məktubla tanışlıqdan sonra başa düşdüm ki, bu işə məsul şəxslərin ensiklopediya təcrübələri çox aşağı səviyyədədir.
Etibar Əliyev / Təhsil eksperti, fəlsəfə doktoru
(bizimyol.info)
www.yenicag.az