Elm və Təhsil Nazirliyi və “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.
Nazirlikdən Yenicag.az-a bildirilib ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır. “Cisco” Şəbəkə Akademiyasında informasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.
Akademiyada dərslər “Cisco” şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.
Təlimlər sayəsində tələbələr, həmçinin “Cisco” sertifikatlı şəbəkə mütəxəssisi statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.
www.yenicag.az