İkinci Qarabağ müharibəsinin qazisi Əzim Qafarov “YAŞAT” Fondundan narazılıq edir.
Yenicag.az-a daxil olan məlumata görə, İkinci Qarabağ müharibəsi qazisi Qafarov Əzim Rafiq oğlu Türkiyədə müalicəsinin tam bitməməsinə baxmayaraq, Azərbaycana göndərilməsinə görə öz etirazını bildirib. O iddia edib ki, müalicəsi tam bitmədiyi halda, “YAŞAT” Fondu Türkiyədəki xərclərini öz öhdəsinə götürmür:
“11 ildir ki, Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrində hərbi qulluqçu olmuşam. Cəbrayıl rayonunda gedən döyüşlərdə üç güllə yarası alaraq onurğa-beyin travması almışam. 2021-ci ilin fevral ayından etibarən Heydər Əliyev Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilmişəm. Yataq yaralarım çox idi və 20-yə yaxın əməliyyatdan sonra səhhətim düzəlib. Daha sonra məni Bursa şəhərində yerləşən reablitasiya mərkəzinə göndərdilər. Reablitasiyaya yeni başlamışdım ki, Heydər Əliyev Fondundan bildirldi ki, müalicə limitim bitib və mənə baxılması üçün “YAŞAT” Fonduna müraciət etməliyəm. “YAŞAT” Fonduna müraciət etsəm də, boyun qaçırırlar və mənə baxa bilməyəcəklərini deyirlər. Səbəbi isə məlum deyil. Mən Azərbaycanın bir vətəndaşıyam. Döyüşlərdə vuruşmuşam, işğalda olan torpaqlarımızı azad etmişik. “YAŞAT” Fondu bizə baxmayacaqsa, bəs nəyə görə yaranıb?! Azərbaycan xalqı yaralı qazilərə yardım edilməsi üçün Fonda maddi dəstək olur. Fond isə kömək etmir. İki günə bilet alıb məni Azərbaycana göndərirlər. Nəyə görə?! Mənim ayaqlarıma hissiyyat təzəlikcə gəlir, oynaqlarımda hərəkət yaranıb. “YAŞAT” Fondu isə mənə baxmır və “Bizlik deyil”, – deyir.
Cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva, bu məsələyə baxmağımızı sizdən artıq dərəcədə xahiş edirəm. Mənim iki övladım var. Ayaq üstə gəzmək, oların yanına getmək istəyirəm. Xahiş edirəm, üzləşdiyim problemin həll edilməsi üçün dəstək olasınız”.
Qazinin probleminə münasibət bildirən ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev saytımıza açıqlamasında qeyd edib ki, Türkiyədə müalicə alan hər bir qazinin ölkəyə qayıtması ilə bağlı rəy mütəxəssislər tərəfindən təyin olunur:
“Qazi Qafarov Əzim Rafiq oğlu müalicə məqsədi ilə 2021-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən Türkiyə Respublikasına göndərilib. 2022-ci ilin 10 mart tarixindən etibarən isə proses “YAŞAT” Fondu tərəfindən davam etdirilir. Bundan başqa, qazimizin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Fonda daxil olan müraciəti təmin edilib və 2500 AZN vəsait onun hesabına köçürülüb.
Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reablitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür.
Fondun məqsədi dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına göstərilən sosial tədbirlərə əlavə dəstək verməkdir.
Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz”.
Gülşən Şərif
www.yenicag.az