Xəbər verdiyimiz kimi, “Qəbələ”nin əvəzedici komandası birinci divizionda iştirakdan imtina edib.
Yenicag.az-a açıqlama verən “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov məlumatı təsdiqləyib.
Klub rəsmisi imtinanın səbəbini belə izah edib:
“May ayında AFFA İcraiyyə Komitəsi əvəzedicilərlə bağlı hər hansı dəyişikliyin olmayacağını bildirdi. Klubumuzda yeni mövsümlə bağlı təşkilati işlər və büdcə may ayının sonu, iyun ayının əvvəlində müəyyənləşir. Biz də həm komandanın heyətini, həm büdcəsini əvəzedicilərin çempionatına uyğun müəyyənləşdirdik. Bu səbəbdən əvəzedicilərin birinci divizionda çıxışı öncədən planlaşdırdığımız heyətə və büdcəyə uyğun gəlmir. Öz çempionatları olsaydı, bu komandaya 5-6 futbolçu əsas heyətdən, 5-6 futbolçu U-19 komandasından qoşulacaqdı. Sırf əvəzedici komandaya aid isə 10-11 futbolçu heyətdə yer alırdı. Divizion isə ayrıca çempionatdı, fərqli təqvimdi, fərqli stadionlardı və bunun üçün ayrı komanda lazımdı. Bu səbəbdən bu mövsüm üçün komandamızın sözügedən çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik”.
Emin Səfərov
www.yenicag.az