Qənirə Paşayeva çağırış etdi
Millət vəkili Qənirə Paşayeva AŞPA-nı Xocalı soyqırımını pisləməyə və günahkarların cəzalanması üçün səyləri artırmağa çağırıb.
Assambleyada çıxış edən millət vəkili bir ay sonra 23-cü ildönümü olacaq Xocalı soyqırımından danışıb və Assambleyanı insanlıq əlehinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün addımlar atmağa, səyləri artırmağa səsləyib. Q.Paşayeva çıxışında deyib: “Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təssüf ki, biz bunu görmürük. Düz bir ay sonra Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu amma təssüf ki, biz Avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısıda cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar sizi bu soyqırımı pisləməyə və bu insanlıq əlehinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artıqmağa çağırır.
Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. Avropa məkanında da, dünyada da gərginliyin azalmasını istəyiriksə bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir”(azadinform).