“Ermənistan Qərbi azərbaycanlıların geri qayıtmasına razılıq versə, o zaman Beynəlxalq Ədalət Məhkəməsinin qərarı tədricən həyata keçə bilər”.
Bu fikirləri Beynəlxalq Ədalət Məhkəməsinin Qarabağdan köçən ermənilərin geri qayıtmaları ilə bağlı verdiyi qərara münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüseynlinin sözlərinə görə, geriyə dönmə prosesi qarşılıqlı olmadığı təqdirdə, belə qərarların həyata keçirilməsi mümkün deyil:
“Ötən əsrdə Qərbi Azərbaycandan 2 milyondan çox soydaşımız çıxarılıb. Onların bir hissəsi Türkiyənin İğdır və Qars bölgələrinə, bir hissəsi Cənubi Azərbaycana, 1 milyona yaxın azərbaycanlı isə Azərbaycana gəlib.
Ermənilərin yaşadığı ərazidən təqribən 90 min adam çıxıb. Onun da müəyyən hissəsi vaxtilə Livan, Suriya Fransa və İraqdan gətirilərək işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşdırılıb. Onların mənşəyini hələ tam dəqiqləşdirə bilməmişik. Ancaq geri qayıtmaq istəyən olarsa, buna aydınlıq gətirəcəyik.
Ümumiyyətlə, geri qayıtmaqdan söhbət gedirsə, bu proses qarşılıqlı surətdə aparılmalı, Qərbi azərbaycanlılar da öz doğma torpaqlarına qayıtmalıdır. Bunun müqabilində ermənilər də Qarabağa qayıda bilər. İndiki Ermənistan Qərbi azərbaycanlıların oradan zor gücü ilə çıxarılması hesabına formalaşıb. Əgər Ermənistan Qərbi azərbaycanlıların geri qayıtmasına razılıq versə, o zaman Beynəlxalq Ədalət Məhkəməsinin qərarı tədricən həyata keçə bilər.
Qərbi azərbaycanlılar Beynəlxalq Ədalət Məhkəməsinə ermənilərdən daha əvvəl müraciət ediblər. Sual yaranır, nəyə görə ermənilərin işini qabağa salıb, onu müzakirə edib, belə radikal qərar qəbil edirlər,ancaq azərbaycanlıların müraciətinə hələ də baxılmır? Bu, açıq-aşkar xristian təssübkeşliyidir. Üstəlik, Azərbaycandan çıxmış ermənilərin içərisində separatçılarla əməkdaşlıq etmiş, əli azərbaycanlıların qanına batmış adamların sayı az deyil. Onlar azərbaycanlılara qarşı bir neçə soyqırımında iştirak ediblər. Biz bunları asanlıqla sübuta yetirəcəyik.
Zənnimcə, buranı tərk edən ermənilər gəlib öz mal-mülkünü sataraq o ərazilərdən birdəfəlik gedəcəklər. Azərbaycanlıların da Qərbi Azərbaycan torpaqlarına qayıtmasına imkan verməyəcəklər. Beləcə, məsələ 0-0 variantı ilə öz həllini tapacaq. Beynəlxalq Ədalət Məhkəməsi hansı qərar qəbul edir-etsin, həyata keçməyəcək. Çünki Azərbaycanın xeyrinə verilmiş qərarlar da həyata keçirilməyib”.
Səxavət Məmməd
www.yenicag.az