“ABŞ artıq HƏMAS-a və bütövlükdə Fələstin xalqına qarşı müharibədə fəal iştirak edir”.
Bu fikirləri İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlamaq hazırlığını və nəticədə regionda toqquşmanın genişlənmə ehtimalını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyibZərdüşt Əlizadənin sözlərinə görə, Fələstin məsələsini vaxtında dinc yolla həll etmək imkanları mövcud olsa da, ərəb dövlətləri bunu bacarmadı:
“İsrailin güclü ordusu var və sonsuz maliyyə imkanlarına malikdir. Digər tərəfdən, İsrail dövlətdir, HƏMAS isə bir təşkilatdır. Əlbəttə, dövlət təşkilatdan güclü olur. Gedən toqquşmalar zamanı dinc əhali qırılır, bu da dünyanı hiddətləndirir, qıcıqlandırır.
İsrail haqsızdır, Fələstin torpaqlarını işğal edir, o ərazilərdə məskunlaşdırma işləri aparır. ABŞ da bu işdə ona yardım edir. HƏMAS-ın da böyük günahları var. Dinc əhaliyə tutulan divan Fələstin xalqının mübarizəsinə kölgə saldı.
Hazırda ABŞ-ın iki təyyarədaşıyan gəmisi ərazidədir. “Hizbullah” İsrail-HƏMAS toqquşmasına müdaxilə etsə, ABŞ da bu məsələyə qarışacaq, onsuz da viran qalmış Livanı xarabaxanaya çevirəcək. Nəticədə həm də “Hizbullah”ın Livandakı mövqeləri zəifləyəcək.
Ona görə də, “Hizbullah” İsrailə etirazını bildirsə, əməli işə keçmir. ABŞ isə artıq HƏMAS-a və bütövlükdə Fələstin xalqına qarşı müharibədə fəal iştirak edir. Kim ABŞ ilə üzbəüz gələ bilər? Ərəb ölkələrinin hamısının başçısı öz cibini güdən şeyxlərdir. Vətənpərvərlərin sayı çox azdır.
Ərəb dünyası sanki düşünmək imkanından məhrumdur. 5 il ərəb ölkələrində yaşamışam. Açıq demək lazımdır ki, ərəb cəmiyyətinin düşüncə tərzi çox aşağıdır. Fələstin məsələsi çox mürəkkəb olsa da, onu qansız da həll etmək mümkün idi. Ərəb dövlətlərinin hakim zümrələrinin buna ağlı çatmır”.
Səxavət Məmməd
www.yenicag.az