Xalq artisti, tanınmış aktyor Rasim Balayev kommersiya filmlərində işlədilən söyüş və açıq-saçıq səhnələrdən danışıb.
Yenicag.az-a açıqlama verən xalq artisti belə filmləri qəbul etmədiyini deyib:
“Təəssüf ki, bu gün tamaşaçı cəlb etmək məqsədi ilə filmlərdə qurşaqdan aşağı söyüş və açıq-saçıq ifadələrdən istifadə olunur. Bu filmlərdə sənətdən söhbət gedə bilməz. Düzdür, bunu hamıya şamil etmirəm, lakin bəzi tamaşaçıların zövqü xeyli aşağı düşüb. Onlar kinoteatra yalnız “18+” həvəsi ilə gəlirlər. Əlbəttə, film bədii cəhətdən tələb edirsə, orada məhəbbət səhnələrindən istifadə etmək olar. Bizim dövrümüzdə çəkilən filmlərdə də belə kadrlar vardı: oğlan sevdiyi qızın əlindən tutur, mehribanlıq göstərir, öpür və s. Lakin bunu o qədər gözəl formada təqdim edirdilər ki, ikrah hissi doğurmurdu. Bir sözlə, əndazəni aşmırdılar. İndiki filmlərdə bunu elə formada təqdim edirlər ki, adam bilmir nə desin. Bunun bir adı var: əxlaqsızlıq. Əslində, daha biədəb adı da var, daha onu demirəm, ayıbdır”.
Cəvahir
www.yenicag.az