Regionda RADİKAL QIĞILCIM: Xameneinin ölüm ssenarisi necə fəlakətə ÇEVRİLƏ BİLƏR?
“Təl-Əviv ali dini rəhbər Ayətullah Seyid Əli Xameneinin ölümünü məqsəd kimi görür”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, İsrailin İrana qarşı əsas hədəflərinin nə olduğu ilə bağlı fikirlərini bölüşüb.
Politoloq bildirib ki, İsrailin addımlarına qarşı ABŞ nisbətən ehtiyatlı davranmağı seçir:
“Təl-Əviv ali dini rəhbər Ayətullah Seyid Əli Xameneinin ölümünü məqsəd kimi görür. Çünki onun yox edilməsi ilə süqutun baş verəcəyini düşünür. ABŞ prezidenti Donald Tramp isə bu məsələdə bir qədər təmkinlidir. Onun Xameneinin yerini bildiyi, lakin ölümünü istəmədiyi ilə bağlı bəyanatı bunu deməyə əsas verir. Çox güman ki, o bunu psixoloji təzyiq göstərmək üçün edir. Nəticədə isə İranı danışıqlar masasında təslim vəziyyətinə salmağa çalışır. Həmçinin onun öldürülməsi ilə bağlı təhlükələr görür”.
O, əlavə edib ki, ilk yüksək ehtimallı təhlükə məhz Xameneinin ölümü ilə başlaya biləcək hərəkatdır:
“Belə bir şeyin baş verməsi yalnız İranda deyil, digər regionlarda da dini hissləri alovlandıra bilər. Bu amilləri göz önünə gətirən ABŞ-nin, İsrail kimi Xameneini öldürmək yox, təslimə məcbur etmək istəkləri təbii haldır. Nəticə olaraq bu hadisə daha ağır proseslərə zəmin yarada bilər. Ancaq təslim olmaq isə İranın təmsil etdiyi ideologiyaya inamı sarsıdacaq. Belə olan halda İran yalnız siyasi deyil, həmçinin ideoloji olaraq da zərbə alacaq”.
Nəsimi Ələsgərli