Regionlarda "kupça" problemi: Niyə minlərlə ev sənədsiz qalıb?
Azərbaycanın regionlarında fərdi yaşayış evlərinə çıxarış (kupça) verilməsi məsələsi hələ də ən aktual problemlərdən biri olaraq qalır. Xüsusilə kənd və qəsəbə ərazilərində inşa edilən evlərin böyük hissəsinin sənədsiz olması və ya qanunvericilik tələblərinə uyğun gəlməməsi bu prosesi ciddi şəkildə ləngidir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, problemin kökündə dayanan əsas amil torpaqların təyinatı ilə bağlıdır:
“Regionlarda bu problemin iki əsas səbəbi var. Azərbaycanda kənd əraziləri kifayət qədər çoxdur və bu torpaqların böyük hissəsi kənd təsərrüfatı təyinatlıdır. Mövcud qanunvericiliyə əsasən, belə torpaqlarda fərdi yaşayış evlərinin tikintisinə icazə verilmir. Bu səbəbdən ölkədəki kəndlərin təxminən 70-80 faizində mövcud olan evlərin çıxarışı yoxdur. Yalnız ayrı-ayrı hallarda, sovet dövründən qalma müəyyən sənədlər mövcud ola bilər”.
Ekspertin sözlərinə görə, bu problem təkcə regionlarla məhdudlaşmır, paytaxtın ətraf qəsəbələrində də geniş vüsət alıb:
“Bu cür hallar həm bölgələrdə, həm də Bakı ətrafında çoxdur. Ümumiyyətlə, 2000-ci illərdən sonra vətəndaşlara verilmiş bələdiyyə sənədləri əsasında tikilmiş evlərin əksəriyyətində hüquqi problemlər var. Vətəndaşlar ya təsdiqlənmiş layihədən kənara çıxıblar, ya da birbaşa kənd təsərrüfatı təyinatlı torpaqda tikinti aparıblar ki, bu da qanunla qəti qadağandır”.
Elnur Azadov əlavə edib ki, vətəndaşların əvvəlcə evi tikib, sonra sənədləşdirməyə çalışması əksər hallarda uğursuzluqla nəticələnir:
“Vətəndaşlar tikintini tamamladıqdan sonra sənəd toplamağa başlayırlar. Lakin müxtəlif hüquqi və texniki maneələr səbəbindən bu, qeyri-mümkün olur. Hazırkı qanunvericilik bu tip qanunsuz tikililərin leqallaşdırılmasına imkan vermir. Nəticədə minlərlə evin çıxarış alması dalana dirənir”.
Samir Məcid













