!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakıdan ermənilərin keçmiş Şaumyan rayonu ilə bağlı iddiasına CAVAB

!Reklam – Yazi

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatının şərh edilməsi ilə bağlı sualını cavablandırıb.

Yenicag.az-ın məlumatına görə, L. Abdullayeva bildirib ki, Ermənistan XİN-in Azərbaycanın keşmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir.

Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilmiş, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılmışdır.

Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək anlaşılmazlıq doğurur.

Xatırladırıq ki, hələ 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarqsyan Azərbaycana qarşı” adlı qərarının 30-cu paraqrafında məhkəmə qeyd edib ki, keçmiş Şaumyan rayonunun (Goranboy) “DQR tərəfindən ərazisinin bir hissəsi olduğu iddia edilir…”. Təqdim olunan dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda müəyyən edib ki, bu rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın iddiası rədd edilir.

Ermənistan XİN-in Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin hərbi işğalına və bu ərazilərdəki yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozuntusuna görə məhz Ermənistanın tam məsuliyyət daşıdığı məsələsindən beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədi ilə verdiyi bu bəyanat işğalçı ölkənin faktların saxtalaşdırılması üzrə çirkin təcrübəsidir.

İşğalçı ölkənin bu bəyanatı Ermənistan rəhbərliyinin əslində öz əhalisini sülhə necə hazırladığını bütün dünyaya nümayiş etdirdi.

Ümumilikdə qeyd etmək istərdim ki, Ermənistan XİN-in son bəyanatı onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəldilib. Onların bunu bilərəkdən, yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırda açıq-aydın təklikdə qaldıqları üçün çıxılmaz vəziyyətdən irəli gələrək etdiklərini söyləmək çətindir. Ermənistan tərəfini nəinki dünyada dəstəkləyən, hətta onların mövqeyinə anlayış göstərən nə bir dövlət, nə də bir qüvvə yoxdur.

Bəlkə də Ermənistan XİN-in son açıqlamasına öz ölkələrindəki mürəkkəb daxili vəziyyət təsir göstərib və bu yolla onlar öz xarakterlərinin ağırlığını göstərmək istəyirlər. Ancaq məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın.

www.yenicag.az

1526
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv