“Əslində, Qarabağa səfərə qədər mən Azərbaycan haqqında heç nə bilmirdim. Qarabağa səfərim zamanı Ağdamın tamamilə dağıdılmış bir şəhərə çevrildiyini gördüm. Oradakı xarabalıqlar, minalarla dolu yollar məni sarsıtdı”.
Bu sözləri Fransanın “Musliman En France” xəbər portalının baş redaktoru Jan-Mişel Brun “Yeni Çağ”ın rus bölməsi – “Novaya Epoxa” ilə söhbətində bildirib.
Fransız jurnalist həmçinin Azərbaycanın mədəniyyəti, Qarabağ münaqişəsi və Fransa-Azərbaycan münasibətləri haqqında fikirlərini bölüşüb. O, ölkəmizdəki təəssüratlarından, Qarabağa səfərləri və bu barədə Fransada mövcud olan stereotiplərdən danışıb.
O, bildirib ki, o, 44 günlük müharibədən sonra Qarabağa gələn ilk jurnalistlərdən biri olub. Həmçinin Brun Azərbaycanın o vaxtı Parisdə səfiri olmuş Rəhman Mustafayevin dəvəti ilə ölkəmizə səfər etdiyini qeyd edib:
“Əslində, bu səfərə qədər mən Azərbaycan haqqında heç nə bilmirdim. Qarabağa səfərim zamanı Ağdamın tamamilə dağıdılmış bir şəhərə çevrildiyini gördüm. Oradakı xarabalıqlar, minalarla dolu yollar məni sarsıtdı. Mən Azərbaycan musiqisi və xüsusən də muğam ilə tanış oldum. Bu qədim sənət növü həm ənənəvi, həm də müasir üslublarda təqdim olunur. İnsanların mehribanlığı və qonaqpərvərliyi isə bizi heyran etdi”.
Fransadakı mediada Azərbaycanın əksinə yaradılan mənfi təsvirlərdən danışan jurnalist bu vəziyyəti ölkədəki erməni diasporunun gücü ilə əlaqələndirib:
“Fransada təxminən 800.000 erməni yaşayır. Onlar mediaya və siyasi sahələrə ciddi təsir göstərirlər. Xüsusilə Murad Papazyan kimi şəxslər 17 jurnalistika məktəbinin sahibidir və bu, böyük təsir imkanları yaradır. Bu insanlar Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Fransa mətbuatında Azərbaycanın uğurları təhrif edilir. COP29 iqlim sammitinə dair xəbərlərdə də bu təhriflər açıq şəkildə görünür. Tədbirdə iştirak etməyən Fransa mediası sammiti uğursuz kimi təqdim etdi”.
Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə toxunan həmsöhbətimiz həmçinin buna heyran qaldığını da etiraf edib:
“Biz burada müxtəlif dinlərin liderlərinin birlikdə işlədiyini gördük. Bu, Fransa üçün belə az qala sürreal mənzərə idi. Azərbaycanın multikulturalizm siyasəti Qərb ölkələri üçün nümunə ola bilər”.
Bundan əlavə, jurnalist Fransa ilə Azərbaycanın münasibətlərində gərginliklərin olduğunu da diqqətə çatdırıb:
“Fikrimcə, bunun əsas səbəblərindən biri islamofobiyaya əsaslanan təsvirlərdir. Bu qarşıdurma, sanki, xristianlıq və İslamın mübarizəsi kimi təqdim olunur. Halbuki Azərbaycan dünyəvi dövlətdir və yeni səfir Leyla Abdullayeva bu məsələdə böyük işlər görür”.
Sonda Jan-Mişel Brun Azərbaycan xalqına sülh və əmin-amanlıq da arzulayıb:
“Qoy Ermənistan uzunmüddətli sülhə imza atsın ki, Azərbaycan xalqı da öz torpaqlarında dinc yaşasın. Ümid edirəm ki, azərbaycanlılar beynəlxalq arenada mədəniyyət və turizm sahəsində daha çox iştirak edəcək. Bu gözəl ölkə dünyaya çox şey öyrədə bilər”.
Müsahibəni daha ətraflı oxumaq üçün:
https://novayaepoxa.com/zhan-mishel-brun-primer-tolerantnost/517350/
Cəmilə Çebotaryeva
Tərcümə: Rafi Müslümov
www.yenicag.az