!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Tbilisidən Azərbaycan və Ermənistana vasitəçilik TƏKLİFİ: Gürcüstan hansı mesajı verir?

!Reklam – Yazi

“Bu gün Ermənistan bütün rəsmi səviyyələrdə gələcək planlarının Avropa inteqrasiya olduğunu bəyan edib. Hətta ölkənin xarici işlər naziri Ararat Mirzoyanla yanaşı, baş nazir Nikol Paşinyan da Ermənistanın Qərbə və Avropa institutlarına inteqrasiya yolunu tutduğunu rəsmi şəkildə bəyan ediblər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

 

O, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü və rəsmi Tbilisinin Ermənistan və Azərbaycan arasındakı görüşlərdə vasitəçi olmaq istəməsi təkliflərinə münasibət bildirib.

“Yaxşı bilirik ki, Avropa İttifaqına üzvlük proseduru kifayət qədər mürəkkəb və uzun bir prosedurdur. Ayrı-ayrı ölkələrin Avropa İttifaqına üzvlüyü yalnız Qərbin aparıcı ölkələrinin maraqlarının təmin olunması kontekstində öz həllini tapır. Yəni üzv olmaq istəyən dövlətlərə bir sıra tələblər irəli sürülür və sözügedən tələblər icra olunduqdan sonra müvafiq addımlar atılır. Bu gün Ermənistan hələlik Avropaya inteqrasiya yolunu şifahi olaraq bəyan edən ölkələrdəndir. Bunun üçün isə konkret addımların atılması lazımdır”, deyə o qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanın bu məsələdə vasitəçi qismində iştirak etməsi bir az ağlabatan görünmür:

“Çünki bu gün Gürcüstanın özünün faktiki olaraq Avropa institutları ilə problemləri mövcuddur. Məlumdur ki, Qərb tərəfindən davamlı şəkildə Gürcüstana öhdəliklərin icrası ilə bağlı təzyiqlər edilir, hətta bir sıra hallarda Avropaya inteqrasiya ilə bağlı gedən proseslərin dayandırılması istiqamətində addımların atılması ilə əlaqədar bəyanatlara da şahidlik edirik. Yəni belə bir zamanda, ilk növbədə, Gürcüstanın özünün Avropa qurumları ilə münasibətlərini normallaşdırılması vacibdir ki, ondan sonra Tbilisi administrasiyası hansısa ölkənin Avropa istiqamətində fəaliyyətinə vasitəçilik etməyə hazır olsun. Düşünürəm ki, indiki mərhələdə rəsmi Tbilisinin bu cür bəyanatı “biz Ermənistanı da bu istiqamətdə təşviq və sövq edə bilərik” mesajının çatdırılmasından ibarətdir”.

“O ki qaldı Samxaradzenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Gürcüstanın vasitəçilik rolu ilə bağlı dediklərinə, Tbilisi artıq hər iki ölkə arasındakı danışıqlara bir dəfə ev sahibliyi edib. O da məlumdur ki, Gürcüstan ayrı-ayrı vaxtlarda əsir mübadiləsi məsələsində də vasitəçilik həyata keçirib. O vaxt Azərbaycan Prezidenti İlham Əliyev belə bir bəyanatla çıxış etmişdi ki, Cənubi Qafqaz ölkələri arasındakı münasibətlərdəki problemlər regionda öz həllini tapmalıdır. Bu baxımdan, Gürcüstanın ev sahibliyi ilə görüşün keçirilməsində bir problem yoxdur”. – deyə o, əlavə edib.

Siyasi şərhçi hesab edir ki, Gürcüstanın davamlı olaraq bu cür bəyanatlara çıxış etməsi, ilk növbədə, onun özünün maraqlarından irəli gəlir:

“Gürcüstan Cənubi Qafqazın 2 münaqişədə olan ölkələri arasında vasitəçilik etməklə özünün mövqelərini möhkəmləndirmək istəyir. Təbii ki, bizim üçün ən münasibət olan ikitərəfli görüşlərdir. Yəni sərhəd bölgələrində görüşün keçirilməsi daha məqbul variantdır”.

Xatırladaq ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, Gürcüstan Aİ-yə inteqrasiya təcrübəsini bölüşməklə Ermənistana yardım etməyə hazırdır. Həmçinin o, Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazır olduğunu da yenidən diqqətə çatdırıb.

Rafi Müslümov

www.yenicag.az

1144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv