Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.
Yenicag.az xəbər verir ki, şənbə günü sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə hakim David Qriqoryan R.Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib.
Qeyd edək ki, bu il mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.
Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.
Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.
Report
www.yenicag.az