Kreml Rusiyanın Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin “görünməmiş kiberhücuma” məruz qaldığını açıqlayıb.
Yenincag.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın dövlət media şirkətinin misli görünməmiş kiberhücuma məruz qaldığını və mütəxəssislərin məsuliyyət daşıyanları müəyyən etmək üçün intensiv işlədiyini bildirib.
“Ən böyük media konqlomeratlarından biri olan dövlət media holdinqimiz rəqəmsal infrastrukturuna misli görünməmiş kiberhücumla üzləşdi” deyən o, Dövlət Televiziya və Radio Yayımları Şirkətinin hücumun öhdəsindən gəlmək üçün çalışdığını bildirib. Peskov bildirib ki, “mütəxəssislər mühüm infrastruktura bu kiber hücumu təşkil edənlərin geridə qoyduğu izlərin hara uzandığını öyrənmək üçün bütün elementləri müəyyən etməyə çalışırlar”.
Rusiyanın əsas milli televiziya kanalları və bir çox regional kanal və radio stansiyalarının sahibi və onları idarə edən Dövlət Televiziya və Radio Yayımları Şirkətinin səhər saatlarında verdiyi açıqlamada onlayn xidmətlərinin gecə saatlarında kiberhücuma məruz qaldığını, lakin hücuma baxmayaraq, radio və televiziya yayımlarının normal fəaliyyət göstərdiyini açıqlayıb.
Nəsimi Ələsgərli
www.yenicag.az