Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) LDPR sədri, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski və “Yeni insanlar”ın namizədi, Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovu prezidentliyə namizəd kimi qeydə alıb.
Yenicag.az “Kommersant”a istinadən xəbər verir ki, Leonid Slutski və Vladislav Davankov parlament partiyalarının nümayəndələri olduğu üçün prezidentliyə namizəd kimi qeydiyyatdan keçməkdə onlara seçici imzası toplamaq lazım olmayıb.
Slutski teleqram kanalında məlumat verib ki, bu gün seçki kampaniyası çərçivəsində o, Soçiyə getmək niyyətindədir və orada “şəhər sakinləri ilə bir sıra görüşlər keçirməyi” planlaşdırır. Davankov qeyd edib ki, hazırda regional qərargah açmağa hazırlaşır və Rusiya şəhərlərinə səfərlər planlaşdırır.
Həmçinin bugünkü iclasda Mərkəzi Seçki Komissiyası prezidentliyə potensial namizəd, Rusiya Kommunistləri Partiyasının sədri Sergey Malinkoviçin səlahiyyətli nümayəndələrini qeydə alıb. Komissiya ona həm də seçki hesabı açmağa və seçici imzalarını toplamağa başlamağa icazə verib. Malinkoviç qeyri-parlament partiyasının namizədi olduğundan, yanvarın 31-dək o, MSK-ya ən azı 100 min rusiyalının imzasını təqdim etməlidir.
Rusiyada Prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Leonid Slutski, Vladislav Davankov və Sergey Malinkoviçdən başqa Rusiyanın hazırkı prezidenti Vladimir Putin (öz namizədliyi ilə), Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası), Sergey Baburin (Rusiya Ümumxalq Birliyi), Andrey Boqdanov (Rusiya Azadlıq və Ədalət Partiyası), Boris Nadejdin (Vətəndaş Təşəbbüsü), İrina Sviridova (Rusiya Demokratik Partiyası), bloggerlər Rada Russki və Anatoli Bataşev (hər ikisi öz təşəbbüsü ilə namizədliyini irəli sürüb) də namizəddir.
www.yenicag.az