Rusiya silahı almağımıza səbəb nədir?
“Rusiyanın satdığı raketlərə rəsmi Moskvanın bu və ya digər şəkildə hərbi nəzarəti olacaq”.
Bunu Rusiyanın Azərbaycan və Ermənistana satdığı silahların həcmini artırması ilə bağlı məsələləri şərh edən politoloq Ərəstun Oruclu dedi:
“Burada Rusiyanın hərbi maraqları var. Rusiya anlayır ki, hər şeyi zor gücünə əldə etmək mümkün deyil. Bu baxımdan müdafiə və təhlükəsizlik sahəsində əlaqələr qurur. Birincisi, bu, Azərbaycanın silah bazarını başqa rəqiblərin üzünə bağlamaq imkanı yaradır, digər tərəfdən də nə qədər ki, Rusiya silahından qonşu ölkələr istifadə edir, o silahdan asılı olurlarsa, rəsmi Moskva ilə əlaqələri itirməkdə də maraqlı olmurlar. Ukraynada aqressiv siyasi xətt yürüdən Rusiya məğlub oldu. Hələ seçkidən 2 gün öncə Putin yeni prezidentlə münasibətlər quracağını bildirmişdi. Moskva artıq taktikanı dəyişir. Qorxur ki, marağı olan ölkələr əks qütbün geosiyasi təsir dairəsinə düşələr. Məhz buna görə də müxtəlif sahələrdə güzəştlərlə, əməkdaşlıqla, ticarət qurmaqla və başqa formalarda öz təsir dairəsini genişləndirməyə çalışır. Azərbaycan son 10 ildə təxminən 4-5 milyard dollar həcmində Rusiyadan silah alıb. Silah elə bir şeydir ki, ona xidmət lazımdır, ehtiyat hissələrinə və modernləşdirilməsinə ehtiyac var. Bütün bunları isə Rusiya ilə əməkdaşlığı kəsməklə, pozmaqla etmək mümkün deyil. Rusiya 5-10 ilə hesablanmış siyasət yürüdür. Əgər hazırda söhbət Rusiyanın göndərəcəyi raket kompleksindən gedirsə, satdığı raketlərə rəsmi Moskvanın – silahların yoxlanılması, modernləşməsinə dəstək və s. baxımından – bu və ya digər şəkildə nəzarəti olacaq”.
NATO təqsirkardır “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi məsələlər üzrə ekspert Cəsur Məmmədov isə hesab edir ki, Azərbaycan hərbi–siyasi rəhbərliyi Rusiya ilə yaxınlaşmaq siyasəti yürüdür: “Bütün bunlar onu göstərir ki, Azərbaycanın hərbi–siyasi rəhbərliyi Rusiya ilə münasibətləri daha da istilətmək kursu götürüb. Qeyd edim ki, təxminən 2002-ci ildə tərəflər arasında 4 milyard dollarlıq hərbi anlaşma imzalanmışdı. Müqaviləyə əsasən, bu ilin sonuna qədər Azərbaycan tərəfi həmin silah–sursatın əsas hissəsini idxal etməlidir. Putinin Azərbaycana ötənilki səfərindən sonra bu sahədəki əməkdaşlığı daha da genişləndirmək qərara alınıb. Hesab edirəm ki, bu, Azərbaycanın milli maraqlarına tam cavab vermir. Çünki bağlanan müqavilənin şərtlərindən birində Azərbaycanın bu silahları Ermənistana qarşı istifadə edə bilməməsi ilə əlaqədar müddəa var. Əgər düşmənimizə tuşlamayacağıqsa, bu silahları neynirik?
Rusiya Ermənistanın xətrinə dəyməmək üçün ona da güzəştli qiymətə hərbi texnika və silah satır. Bildiyiniz kimi, Ermənistan ərazisində yerləşən 202 saylı hərbi bazanın icarə müddətinin uzadılması ilə bağlı razılıqda göstərilir ki, “bu baza Ermənistan dövlətinin təhlükəsizliyinin əsas təminatçısı rolunu oynayır”. Göründüyü kimi, Moskva bir tərəfdən bizi silahlandırır, digər tərəfdən Ermənistanı qoruyur”.
Ekspert hesab edir ki, Rusiyanın silah almağımızda əsas səbəbkar NATO-dur: “Rusiyanın Azərbaycana silah satmasında əsas səbəbkar Qərbdir. Azərbaycan və Ermənistan münaqişə vəziyyətində olduqları üçün NATO-nun onlara silah satışına embarqosu var. Hesab edirəm ki, NATO bu embarqonu aradan qaldırmalıdır. Bir tərəfdən Azərbaycanın öz ordusunu NATO standartlarına uyğunlaşdırmasının lazım gəldiyi bildirilir, digər tərəfdən isə NATO sözügedən embarqoya görə Azərbaycana silah satmır. Əgər silahlanma Rusiyanın hesabınadırsa, ordumuz necə NATO standartına uyğunlaşa bilər? NATO-nun bu cür qeyri-müəyyən siyasətinin nəticəsidir ki, biz Rusiyadan silah almaq məcburiyyətində qalır və NATO standartlarına uyğunlaşmada gecikirik”.
Xatırladaq ki, bir neçə gün öncə Müdafiə naziri general Zakir Həsənov Moskvaya səfər edib və Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Bu səfərdən sonra Rusiya əvvəlcədən nəzərdə tutulan 100 ədəd T90–C tankını Azərbaycana göndərib. Bu gün isə Rusiyanın ən müasir silahlarından biri hesab edilən TOS-1A «Solntsepyok» reaktiv odatanlarının növbəti partiyasının Azərbaycana göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb.