56 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 737 ədəd, avtomobil texnikası – 1 467 ədəd, səhra artilleriyası və minaatanları – 379 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 128 ədəd, zenit-raket kompleksləri – 265 ədəd, təyyarələr – 165 ədəd, helikopterlər – 154 ədəd, gəmi-kater – 8 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 220 ədəd, avtomobil texnikası – 177 ədəd, səhra artilleriyası və minaatanlar – 910 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 145 ədəd, zenit-raket kompleksləri – 183 ədəd, təyyarələr – 86 ədəd, helikopterlər – 52 ədəd.
Ukrayna-Rusiya müharibəsinin əlli altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 56-cı gündə Ukrayna üçün həlledici döyüşlər davam edib:
“Tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi. Döyüşlər taktiki səviyyədə Mariupol, Zaporojets, Xarkov, Donbas, Donetsk, Luqansk ərazilərində getdi.
Luqansk istiqamətində Rusiya ordusunun Ukrayna təmas xəttini yarmaq üçün həmlələri uğursuz oldu. Bu istiqamətdə ruslar döyüş meydanında çoxlu itkilər verdi.
Cəbhənin Donetsk isqiqamətində ağır döyüşlər davam edir.
Mariupol şəhərindən möcüzə davam edir. Belə ki, gün ərzində Azovçular və dəniz piyadaları əks-hücum keçirərək rusların böyük miqdarda silah, sursat və texnikasını ələ keçirdilər. Ukrayna dəniz piyadaları rusların arxasına sızaraq ciddi zərbə vurdular. Ruslar bu əks-hücumun şokunu yaşayırlar. Baş verənlərə görə Rusiya dəniz piyadaları “Rosqvardiya”nın döyüşçülərini, qarşı tərəf isə onları satqınçılıqda və xəyanətdə günahlandırırlar. Bu qruplaşmanın daxilində bir-birinə qarşı ciddi inamsızlıq yaranıb. Ukrayna döyüşçülərinin həmlələrinin qarşısını vaxtında ala bilmədiklərindən günahkar axtarışındadırlar. Bu isə Mariupolda rus qoşunlarının mənəvi-psixoloji vəziyyətinin çökdüyünü göstərir. Mariupolda ruslara cəhənnəmi yaşadan dəniz piyadaları, “Azov” alayının döyüşçüləri və könüllülər legionudur. Rusiya buna cavab olaraq şəhəri və möhkəmləndirilmiş döyüş rayonu sayılan “Azovstal” zavodunun ərazisini taktiki raketlərlə, artilleriya və yaylım atəşli reaktiv sistemlərlə vurmaqda davam edir. Mariupol bu gün də təslim olmadı və tarix yazmağa davam etdi.
Ukrayna ordusu Donbas cəbhəsində rus zirehli texnikalarına qarşı ABŞ PUA-larından istifadə edərək çoxlu sayda zirehli texnikanı sıradan çıxardı.
Ukrayna Silahlı Qüvvələrinə sonradan cəlb edilmiş ehtiyat qüvvələr Kiyev, Xarkov, Lvov, Dnepropetrovsk vilayətlərindəki poliqonlardakı 40 günlük təlim kursunu bitirdi. NATO silahlarından istifadə təlimini keçən on mindən çox peşəkar döyüşçü bölmələrin tərkibinə qatıldı. Bu, əməliyyatlar teatrında güc nisbətini Ukrayna lehinə ciddi şəkildə dəyşmiş olacaq. Təlim görmüş bu yeni qüvvələr yorulmuş və yenidən komplektləşməyə ehtiyacı olan bölmələri əvəz edəcək.
Müharibə zamanı ehtiyat qüvvələrin təlimə cəlb olunması çox vacib bir amildir. Bunu bacaran ordular qələbəyə bir addım da yaxınlaşmış olurlar. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu bu şəkildə formalaşırdı. Sadəcə bunun sayı çox az olduğu üçün nəticə vermədi. İkinci müharibədə isə buna ehtiyac qalmadı. Ordu onsuz da müharibəyə hazır hala gətirilmişdi. Səfərbərliklə döyüşlərə qatılanlar isə qısa zamanda təlimə cəlb olunur, hazır hala gətirilirdi.
Müharibənin aktiv fazasında Ukrayna Baş Qərargahının yeni qüvvələri hazırlayaraq aktiv döyüşlərə daxil edə bilməsi onların yüksək peşəkarlığından xəbər verir. Biz bunları ruslarda görmürük. Ruslar yorulmuş və itkilər vermiş bölmələrini yenidən komplektləşdirməkdə çətinlik çəkirlər. Bu da əməliyyatların gedişatında öz mənfi təsirini göstərir.
Bundan əlavə, Ukrayna ordusunun minlərlə ehtiyat qüvvəsi Polşa, Rumıniya, Litva, Çexiya, Böyük Britaniya, Almaniyadakı hərbi bazalarda NATO silahlarının tətbiqinə dair təlim keçirlər. Təlimlərdə NATO ölkələrinin Ukraynaya vermiş olduğu və verəcəyi bütün silah və texnikalardan istifadə öyrədilir. Müharibənin 2-ci fazasını NATO silahları ilə təhciz olunmuş Ukrayna əsgəri həll edəcək. NATO hər addımda Ukrayna Silahlı Qüvvələrini dəstəkləməklə bunda qərarlı görsənir. İkinci fazada biz NATO-nun Ukraynaya verdiyi daha dağıdıcı gücə malik olan kamikadze dronlarının, PUA-ların, taktiki raket və minaatanların sahədə praktiki tətbiqini görəcəyik. Düşünürəm ki, hər keçən gün artan templə gedən bu təlimlər və yardımlar ikinci fazanın müqəddəratını həll edən əsas amil olacaq.
Müharibənin 2-ci mərhələsində Ukrayna ordusunun rus ordusuna ağır zərbələr endirməsinə, əks-hücumlar keçirməsinə və nəticədə rusların ilkin çıxış hədlərinə doğru geri çəkilməsinə şahidlik edəcəyik.
56-cı gündə rusların nüvə başlığı daşıyan ağır bombardmançı təyyarələrini havaya qaldırmasını buna cavab olaraq qiymətləndirməliyik.
Bundan əlavə, Rusiya dünən qitələrarası “Sarmat” adlı ballistik raketi sınaqdan keçirib. Putin bu raketin sınağından sonra üzünü dünyaya tutaraq, “Rusiyaya qarşı olanlar bir daha düşünsün”, – deyib. Pentaqondan cavab gecikməyib. Pentaqondan bildirilib ki, raketin sınaqdan keçirilməsi üçün xəbərdar edilmişdilər və raket Ukrayna müharibəsi üçün deyildi, sadəcə ilk atış idi.
Ukrayna ərazilərindəki əməliyyatlar teatrına təxminən 70 minə yaxın rusiyalı hərbçi cəlb edilib. Bu hərbi gücün rusların operativ hədəflərinə çatması üçün yetərli olub-olmadığını önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az