Bu gün Bakı Kitab Mərkəzində (Baku Book Center) tanınmış rus jurnalist, Moskva Jurnalistlər İdarə Heyətinin üzvü, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” (Качели над Каспием) adlı kitabının təqdimatı və imza günü keçirilib.
Yenicag.az xəbər verir ki, Mariya Suvorovskayanın Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə ilə birlikdə çəkdirdiyi klipin nümayişi ilə başlayan təqdimatda tanınmış elm və incəsənət xadimləri, dövlət rəsmiləri iştirak ediblər.
Azərbaycan sevgisindən söhbət açan Mariya Suvorovskaya Azərbaycan mədəniyyətinə, ənənələrinə olan maraq və sevginin onu belə kitab yazmağa vadar etdiyini qeyd edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mariya Suvorovskayanın müəllifi olduğu “Xəzər üzərində yelləncək” kitabının önəmini vurğulayaraq, müəllifə Azərbaycan sevgisinin belə gözəl ifadəsindən dolayı təşəkkürünü bildirib.
Əməkdar artist Bəhram Bağırzadənin, teleaparıcı Ceyhun Əlinin və digər tanınmış simaların iştirak etdiyi təqdimatdan sonra kitabların imzalanması mərasiminə keçid edilib.
Onu da qeyd edək ki, Mariya Suvorovskayanın qələmə aldığı “Xəzər üzərində yelləncək” kitabı bədii üslubda qələmə alınıb. Əsərdə Bakının təsvirləri həm baş qəhrəmanın və həm də digər qəhrəmanların sevgi hekayətləri, başlarına gələn müxtəlif səpkili hadisələrin fonunda təqdim edilir.
Aqil Bəkir
www.yenicag.az