Reklam: High Technic
hightechnic

“Rusiyanın Qarabağ münaqişəsinə yanaşması beynəlxalq hüquqa ziddir” – Politoloq

Reklam: High Technic

“Moskva işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymursa, bu, onun nə dərəcədə “obyektiv” olduğunu göstərir.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Moskvanın Qarabağ münaqişəsinin həllinə ciddi səy göstərməsi haqda dediklərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “İzvestiya” qəzetinə müsahibəsində ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyətə də toxunub.

Karasinin sözlərinə görə, münaqişənin həlli üçün yeganə yol danışıqlardan keçir:

“Burada tək bir real perspektiv mövcuddur: münaqişənin danışıqlar yolu ilə dinc şəkildə nizamlanması. Əsasında Azərbaycan və erməni xalqları üçün həyati əhəmiyyət kəsb edən təhlükəsizlik, sabitlik və inkişaf məsələlərinin yer aldığı danışıqlar prosesini Rusiya tamamilə dəstəkləyir.

Bizim bu mövqeyimiz dəyişməz qalır. Həmin mövqe Rusiyanın Xarici Siyasət Konsepsiyasında və Vladimir Putinin hər iki ölkənin prezidentləri ilə görüşündə də ifadə olunub”.

Karasinin bu fikirlərini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Moskva Qarabağ münaqişəsinin aradan qaldırılmasında ondan gözlənilən obyektiv mövqedən hələ ki uzaqdır:

“Öncə bunu qeyd etmək yerinə düşər ki, son vaxtlar Azərbaycan və Rusiyanın siyasi rəhbərliyi arasında münasibətlər kifayət qədər yaxınlaşıb. Azərbaycan prezidentinin Soçi, Rusiya prezidentinin isə Bakıya səfərləri bu münasibətlərin daha da güclənməsinin göstəricisidir.

Bununla belə, vurğulanan münasibətin Qarabağ münaqişəsinin aradan qaldırılmasına təsirini görmürük. Moskva Qarabağ münaqişəsinin həllində ondan gözlənilən obyektiv mövqedən hələ ki uzaqdır.

Konkret desək, Rusiya işğalçı ölkə ilə işğala məruz qalan ölkələr arasında fərq qoymursa, bu, onun nə dərəcədə “obyektiv” olduğunu göstərir. Bu isə o deməkdir ki, “Rusiyanın Qarabağ münaqişəsinə yanaşması beynəlxalq hüquqa ziddir.

Ancaq ümid etmək istərdim ki, Bakı ilə Moskva arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı Rusiyanın bu yanaşmasına təsir göstərəcək və Moskva münaqişənin ədalətli həllinə gerçəkdən səy göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

1752