“Görüşümüzdə Suriyada baş verənlər və noyabrın 24-də təyyarənin vurulmasından sonra yaranmış vəziyyət barədə Azərbaycan prezidentinə məlumat verdim. Dostumuz və qonşumuz olan Rusiyanın baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməsini gözləyirik”.
Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.
Baş nazir deyib ki, Rusiya Türkiyənin sərhədlərini dəfələrlə pozub və bu barədə dünya ictimaiyyətinə məlumat verilib: “Türkiyə sərhədləri bizim üçün müqəddəsdir. Digər tərəfdən, Suriya problemindən Türkiyə qədər təsir görən ölkə yoxdur. Türkiyədə 2 milyon suriyalı qaçqın var, qaçqın axınına görə indiyədək 8 milyard dollar xərclənib”.
Ə. Davudoğlu bildirib ki, Türkiyənin Suriya torpaqlarında gözü yoxdur: “Türkiyə Rusiya ilə hər bir məsələni müzakirə etməyə, eyni masa arxasında oturmağa hazırdır. Bu gün Türkiyə və Rusiya xarici işləri nazirləri Belqrada görüşəcəklər. Bizim üçün yeganə toxunulmaz məsələ sərhədlərimiz və suverenliyimizdir”.
Baş nazir qeyd edib ki, Türkiyə İran və Rusiyaya qarşı iqtisadi təcriddə iştirak etməyib: “Ancaq bu gün Türkiyənin heç bir şəkildə günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqosuna təəccüb edirik”.
Ə. Davudoğlu emosiyaları daha da qızışdıran Rusiya prezidenti Vladimir Putinə də çağırış edib: “İki qonşu ölkə olaraq masa ətrafında oturaraq problemlərin çözülməsinin tərəfdarıyıq. Türkiyəyə qarşı əsassız ittihamları isə qəbul etməyəcəyik. Türkiyə sərhədlərinin pozulmasına yönəlmiş heç bir addıma imkan verməyəcəyimizi də bir daha bəyan edirəm”.
www.yenicag.az