Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağının başlıq hissəsini qoruyub saxlayır.
Yenicag.az xəbər verir ki, Yunis Qulamov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu döyüş bayrağının başlığı ona ulu babasından yadigar qalıb.
O, ulu babalarından yadigar qalan bu dəyərli tapıntının xoş bir təsadüf nəticəsində aşkarlandığını deyib:
“Bizim kənd Astara rayonunun qədim yaşayış məskənlərindən biridir. Səfəvilər sülaləsinə məxsus bayraq başlığını mənim ulu babam təxminən XVIII əsrdə tapıb. Əkin sahəsində işləyərkən yer belləyəndə bir küpə rast gəlib. Həmin küpdən bu bayraq başlığı və bir neçə gümüş pul çıxıb. Əvvəlcə tapıntı kənddə islam dininin atributu hesab edilib. Amma araşdırma zamanı məlum oldu ki, bu əşya Səfəvi ordusunun döyüş bayrağının başlığıdır. Bu, qızılbaşlar dövrünün maddi-mədəniyyət abidəsi, Səfəvilər dövlətinin, Şah İsmayıl Xətai hakimiyyətinin nişanəsidir. Onun üzərində orta əsrlərin qanlı döyüşlərinin əksi də var”.
Bayraq başlığı mislə gümüşün qarışığından alınan metaldan hazırlandığından uzun illər torpaq altında qalsa da, paslanmayıb. Bu başlığa Səfəvilər dövrünə aid miniatürlərdə də rast gəlmək olur.
Qeyd edək ki, Səfəvilərin döyüş bayrağının üzərinə ərəb əlifbası ilə islamın müqəddəs şəxsiyyətlərinin – 12 imamın adı həkk olunub. Bundan əlavə, bayrağın üzərində “Səfiyulla” sözü yazılıb. Simurq quşunun təsvirinin olduğu bayrağın üzərində həm islam, həm də atəşpərəstlik elementləri var.
www.yenicag.az