Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunması barədə məhkəmə qərar verib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatda, HDQ-də yoxlamalar zamanı qanun pozuntuları aşkarlanmışdır. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Məsələ ilə hərbi jurnalist, Hərbi Jurnalistlər İctimai Birliyinin rəhbəri Üzeyir Cəfərov deyir ki, “Şahin Sultanovun günahkar olub-olmaması haqqında konkret heç nə deyə bilmərəm. Bildiyim qədər o hələlik məsuliyyətdən azad edilməyib və yalnız ev dustaqlığına buraxılıb. Yəqin ki, 2015-ci ilin birinci yarısında yerdə qalan məsələlərə də aydınlıq gətiriləcək.
Arzu edirəm ki, müstəqil Azərbaycanın ilk vitse-admiralı kimi o, layiq olduğu qiyməti alsın və ailəsinin, doğmalarının yanında olsun. Ümumiyyətlə mən heç kimin həbsini arzulamıram. O ki qala belə yüksək rütbəli şəxsin azadlıqdan məhrum olunmasını. İstənilən halda, Respublika Hərbi Prokurorluğu bu məsələ ilə bağlı yəqin ki hansısa açıqlama ilə çıxış edəcək. Şahin Sultanov sıradan adam deyil. O, vitse-admiral rütbəsində və “Azərbaycan bayrağı” ordeni almış şəxs statusundadır. Ona görə də, mən inanıram ki, bu məsələdə tezliklə hər şey öz yerini tapacaq və ədalət bərpa olunacaq”.
www.yenicag.az