Samiraldo məzənnədən danışdı
“Əslində manat çoxdan düşməli idi. Fikirləşirəm ki, manatın düşməsi heç bir insana zərər vurmalı deyil, çünki biz hər birimiz mağazalarda hər şeyi manatla alırdıq, dollar yaxud avro ilə yox. O adama ziyandır ki, həmin adam dollarla avtomobil alıb və hər ay kreditini dollarla ödəyib”.
Oxu.az xəbər verir ki, bunu fevralın 21-də Azərbaycanın milli valyutası olan manatın məzənnəsinin düşməsi ilə bağlı danışan tanınmış stilist Samir Əliyev (Samiraldo) bildirib.
Samiraldo deyir ki, hər şeyi normal qarşılamaq lazımdır.
“İnsanları başa düşürəm, lakin manatın ucuzlaşması baş verməli idi. Belə ki, aylardır Azərbaycan böhrana düşmür, öz səviyyəsini qoruyub saxlaya bilirdi. Amma bunu sonadək etmək mümkün deyildi”.
Məşhur stilist onu da qeyd edir ki, manat ətrafında söhbətlər çox çəkməyəcək:
“Mən düşünürəm ki, bu manat mövuzusu bir-iki günlükdür. İki gündən sonra hər şey yaddan çıxacaq, yeni problemlər yaranacaq. İnsanlar panika yaratmağı xoşlayırlar. Mən insanları panikaya uğramamağa çağırıram. Bu müvəqqəti çətinlikdir”.
Lakin Samiraldo ajiotajdan istifadə edib qiymətləri qaldıran mağazaları sərt tənqid edib:
“Mənim evimdə heç nə yoxdur. Mağaza tapa bilmədim ki, gedib nəsə alım. Mağazaları bağlamaq, qiymətləri 35% qaldırmaq düzgün deyil, bu özbaşınalıqdır. Mağazalar qiymətləri qaldırmamalıdır, insanlar əvvəlki qiymətlə alış-veriş etməlidirlər”.
Mərkəzi Bank sədrinin AzTV-də çıxış edərək manatın ucuzlaşmayacağını söyləməsindən bir gün sonra manatın devalvasiya olunduğundan danışan Samiraldo deyib ki, o, Elman Rüstəmovun bank siyasətini alqışlayır.
“Təsəvvür edin ki, Elman Rüstəmov hansısa xarici sayta müsahibə verib manatın aşağı düşəcəyini demişdisə, insanlarımız həmin informasiyanı eşidərək, banklara axışmışdılar, manatı dollara çevirirdilər.
İndi düşünün ki, Elman Rüstəmov AzTV-də açıq şəkildə manatın ucuzlaşacağını desə idi, nə olardı? Bu absurddur. İnsanlar səhərədək banklarda dayanar, pullarını dollara çevirər və bu banklara böyük zərər vurardı. Bankları da düşünmək lazımdır. İnsanlara necə əvvəlcədən demək olardı ki, mən manatı ucuzlaşdıracam? Mənə elə gəlir ki, onun hərəkəti alqışlanasıdır, çünki o, düzgün edib əvvəlcədən insanlara manatın ucuzlaşacağını demədi”.
Ölkə iqtisadiyyatında yaranacaq böhranın insanlara necə təsir göstərəcəyini isə Samiraldo belə şərh edib:
“Böhran işləməyən adam üçün böhran həmişə böhrandır. İşləyən adam üçün heç zaman böhran olmur. Düşünürəm ki, insanlar sabahı düşünməlidirlər, bu gün üçün yaşamamlıdırlar. Sabah üçün pul qoysunlar.
İnanırsız axşam mən hansısa kafeyə getmək istəyəndə, restorana getmək istəyəndə, orada yer yoxdur. Deməli insanlar yaxşı yaşayırlar. Hər şeyə şükür eləmək lazımdır.
Hər bir insanın ruzisini Allah verir və heç vaxt onun ruzisini əlindən almır”.
(müsavat.com)