Savaşın miqyası böyüyəcək? – “Putinin bu qərarı dünya müharibəsinin startı kimi də görünə bilər”

“Əslində, bu, Rusiyanın birinci mərhələdə məğlubiyyəti deməkdir”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsinə qarşı ümumxalq mitinqinin təşkil olunmasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.Sərdar Cəlaloğlunun sözlərinə görə, Ukraynada da səfərbərlik elan edilməsi gözlənilir:

“Rusiya tarixinə baxsaq, görərik ki, bu dövlətin dağılması iri müharibələr və inqilablar nəticəsində baş verib. Birinci Dünya müharibəsində iştirak edən Rusiya xeyli ərazilər itirdi. Oktyabr inqilabında da xeyli ərazilər itirməli oldu. İndiki halda Rusiyanın müharibəyə girməsi, ölkədə inqilabi əhval-ruhiyyənin yetişməsi göstərir ki, Kreml yenə itirəcək.

Rusiya qismən səfərbərlik etməklə Ukraynaya müharibə elan etmiş olacaq. Bu isə Ukrayna müttəfiqlərinin Kiyev tərəfdən iştirak etməsinə gətirib çıxaracaq. Putinin bu qərarı dünya müharibəsinin startı kimi də görünə bilər.

Rusiyada 25 milyona yaxın səfərbərliyə yararlı adam var. Bu qərar isə 300 min nəfəri əhatə edən qərardır. Bu da onu göstərir ki, Putin “xüsusi əməliyyat” nəticəsində dövlətin qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilməyib. Ukrayna qarşısında adi güclə qalib gələ bilməyib, ona görə də rezervləri müharibəyə cəlb edir. Əslində, bu, Rusiyanın birinci mərhələdə məğlubiyyəti deməkdir. Onun bu addımına qarşı Ukrayna da cavab addımı atacaq. Zelenski bir müddət əvvəl açıqlamışdı ki, Ukrayna ordusunun 1 milyona çatdırılması ilə bağlı işlər gedir. Eyni ilə Ukraynada da səfərbərlik elan ediləcək”.

Səxavət Məmməd